Cüdo millimiz "BD"də 3 medalla 13-cü olub
Tacikistanın paytaxtı Düşənbədə kişi və qadınlar arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə yekun vurulub. Turnirin son günü eyni çəkidə tatamiyə çıxan iki cüdoçumuz çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb. Söhbət +100 kq çəkidə çıxış edən təcrübəli cüdoçumuz Uşanqi Kokuari və Camal Qamzatxanovdan gedir. Kokuari bürünc medal uğrunda Özbəkistan təmsilçisi Muxammadkodir Mansurovu, Qamzatxanov isə Rumıniya idmançısı Darius Dobreyi məğlub edib.
Əvvəlki günlərdə isə cüdoçumuz Rəşid Məmmədəliyev (73 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan komandası Düşənbə Dəbilqəsini 3 medalla komanda hesabında 13-cü pillədə başa vurub.
Bununla da Azərbaycan ilk üç yeri tutan Rusiya (3-3-6), Tacikistan (3-0-1) və Monqolustanla (2-2-1) yanaşı, İtaliya, Çin, Hollandiya, Avstriya, Ukrayna, Özbəkistan və Yunanıstandan geri qalsa da, Moldova, Fransa, Qazaxıstan, Çexiya, Finlandiya, Rumıniya, Xorvatiya və Serbiya kimi komandaları geridə qoyub.
Yeri gəlmişkən, sözügedən turnirdə Azərbaycan da daxil olmaqla 34 ölkədən 240 (142 kişi, 98 qadın) cüdoçu medallar uğrunda mübarizə aparıb. Ölkəmiz isə yarışlara 4 çəkidə 6 cüdoçu ilə qatılıb.
Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan hər müvafiq olaraq aktivilərinə 1000, 700 və 500 reytinq xalı yazdırıb. Bu xallar isə İJF-nin yeni reytinq cədvəlində öz əksini tapacaq.
İNTİQAM Məmmədov


