Elçin Səlimli:
Şabranın gözəlliyi
Salam , əziz dostlar .
Bir-neçə gündür ki , doğma respublikamızın füsunkar və ecazkar təbiətinə malik olan gözəl bölgəmiz Şabrandayam . Şəhərin səs - küyündən dincəlmək üçün bu ecazkar məkana təşrif buyurmuşam . Və elə bir məkanda qərar tutmuşam ki , nə havasından , nə təbiətindən , nə də ki , füsunkar gözəlliyindən doymaq olur .
Bura elə gözəl yerdir ki , elə bir vurulmalı məkandır ki , dedikcə doymaq olmur , gəzdikcə yorulmaq olmur . Bir sözlə həsrətində olduğumuz cənnətdir və bu misilsiz cənnətin seyrinə dalmamaq , ən azı günahdır .
Rayon və şəhərin mərkəzindən buraya 25-26 km-lik bir məsafədir . Çətinliklə olsa da , buraya gəlib çıxmaq olur .( çətinliklə olsa-yəni nəqliyyat nöqteyi nəzərindən deyirəm ) . Pirəbədil kəndi yaxınlığında yerləşən " ŞABRAN OTEL" deyilən bir məkan da varmış . Bu böyük və gözəl dizayn edilmiş otel binasıdır . Böyük əraziyə malikdir və onun ərazisində , sıx meşənin ətrafı boyu müxtəlif təşkilatların istirahət kompleksləri vardır . O cümlədən bizim Azərbaycan Yazıçıları Birliyinin istirahət kompleksi də burada yerləşir .
Elə mən də bu kotejlərin birində qalır və istirahət edirəm . Sözün əsl mənasında istirahət edir və şəhərlərin yorğunluğunu çıxarıram .
Nə isə ... Bu baradə mən daha sonra söhbət açacaq və yazacağam . İndi isə sizlərlə bu ekskluziv görüntüləri paylaşır və hamınıza xoş günlər arzulayaraq , hələlik sizlərdən ayrııram .
Və yeni yazdığım bir şeirimi də , (yəni burada yazdığım) sizə ərməğan olaraq yollayıram .
ŞABRANIM
Başının üstündə tanrı kölgəsi ,
Ruhumu oxşayır quşların səsi ,
Bu necə gözəllik , Allah bəndəsi ?
Ömrün baharısan , gözəl Şabranım !
Seyr edirəm yenə yaşıl meşəni ,
Sırayla boy atan buruq , mədəni ,
Yamyaşıl düzülən barlı tənəngi ,
Ömrün nübarısan , gözəl Şabranım !
Çox qədim tarixin , illərə sığmaz ,
Möhtəşəm "Çırağın" , dillərə sığmaz ,
Var ünlü dastanın , əzbərə sığmaz ,
Yurdumun varısan , gözəl Şabranım !
Silsilə dağların vüqarla durur ,
Başını az qala göylərə vurur ,
Əzəmət , istehkam , inan , bax budur ,
Elçinin yarısan , gözəl Şabranım !
Qeyd : "Çırağın" - Çıraqqala nəzərdə tutulub .


