Döşək üzərinə çıxan 5 güləşçimizin hamısı medal qazanıb
Bolqarıstanın Samokov şəhərində 17 yaşlılar (U-17) arasında arasında idman güləşi üzrə keçirilən və Azərbaycan güləşçilərinin də mübarizə apardığı Avropa çempionatı davam edir. Çempionatın 16 May gününə təsadüf edən 6-ci günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, sərbəst güləşçilərin mübarizəyə qatıldığı həmin gün döşək üzərinə çıxan 5 təmsilçimizin hamısı inamla güləşərək mükafatçılar sırasında yer alıb. Günün medallarindan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürünc əyarlı olub. Qızıl medalları final da daxil olmaqla bütün görüşlərini qələbə ilə başa vuran Hüseyn Rzazadə (48 kq) və Nihad Süleymanlı (80 kq) qazanıb. Çempionlarımız finalda müvafiq olaraq ukraynalı Volodimir Boykaya (12:0) və türkiyəli Emirhan Çayıra (10:0) qalib gəlib.
Yeganə gümüş medalin sahibi yalnız həlledici finalda büdrəyən Rəşid Nazarovun (65 kq) payına düşüb.
Günün bürünc medalları isə çıxışını üçüncü yerdə bitirən Abbas Şəfiyevlə (55 kq) Hakim Tağıyevin (110 kq) aktivinə yazılıb.
Yeri gəlmişkən, çempionatın 6-ci günü daha 5 sərbəst güləşçimiz mübarizəyə qatılıb ki, onlardan da yalnız biri - İbrahim Həsənov (51 kq) finala yüksəlib. O, mayın 17-də final görüşünə, qalan 4 təmsilçimiz isə bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq.
İNTİQAM Məmmədov


