Cüdo üzrə U-17 millimiz Avropa Kubokunda birinci yeri tutub
Polşanın Bielska-Biala şəhərində yeniyetmə cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa Kubokuna yekun vurulub. Qeyd edək ki, iki gün davam edən turnirin ilk günündə 8 (2-2-4) medal qazanan U-17 millimiz son gündə daha 5 (0-2-3) medal əldə edib. Bununla da millimizin aktivindəki medalların sayı 13-ə (2-4-7) çatıb. Bu nəticə ilə yığmamız AK-da komanda hesabında birinci yeri tutub.
Son günün medallarına gəlincə, gümüşləri yalnız həlledici finalda büdrəyən Sadiq Məmmədovla (73 kq) Ayxan Həsənli (81 kq), bürüncləri isə çıxışını üçüncü yerdə bitirən Yusif Nəzər (73 kq), Yaqub Məmmədov (81 kq) və Nurəddin Əliyev (90 kq) qazanıb.
Göründüyü kimi, son gündə 73 və 81 kq çəki dərəcələrində Azərbaycan bayrağı fəxri kürsüdə iki dəfə dalğalanıb.
İNTİQAM Məmmədov


