Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeganə Nadir Qızı:

Məmur övladlarının döyüşməsinə ehtiyac yoxdur

Cəmiyyətin vicdanını sızladan bu bəyanat, əslində təkcə bir fərdin sözləri deyil, illərdir daxilimizdə böyüyən bir uçurumun, gizli saxlanılan bir təbəqələşmənin açıq etirafıdır. "Məmur övladlarının döyüşməsinə ehtiyac yoxdur" cümləsi, bu torpaq üçün canını fəda edən minlərlə şəhidin ruhuna, övladını tabutda qarşılayan anaların fədakarlığına və gecəsini gündüzünə qatıb sərhəddə göz qırpmayan əsgərin şərəfinə qarşı vurulmuş ən ağır zərbədir.
 ​Bizə illərdir məktəb partalarından bəri öyrədiblər ki, Vətən birdir, bölünməzdir və hamınındır. Əgər Vətən hamınındırsa, onun dar günündə sipər olmaq niyə yalnız bir təbəqənin, imkansızın, kasıbın, məzlumun öhdəliyinə çevrilməlidir? ​Bir ölkənin varlığını, sərvətini, yağını və balını hamıdan çox dadanlar, onun imtiyazlarından gen-bol istifadə edənlər məhz o məmur övladlarıdır. Onlar ən bahalı maşınlarda gəzir, xaricdə təhsil alır, gələcəklərini təminat altına alırlar. Bu rahatlığı, bu təhlükəsizliyi onlara bəxş edən isə sərhəddə postda duran, soyuqda, istidə can qoyan o kasıb balalarıdır.
​Ədalət tərəzisi buradaca qırılır. Necə ola bilər ki, Vətənin nemətləri bölüşüləndə məmur övladları ən öndə, onun ağrısı, acısı, qanı və canı tələb olunanda isə ən geridə dururlar? Bu hansı mənəviyyata, hansı hüquqa və hansı vicdana sığır? ŞƏHİDLİK püşkü niyə heç vaxt o dəbdəbəli villalara, bahalı xarici avtomobillərə düşmür? Axı səngərdəki güllə adam seçmir, bəs cəmiyyətdə bu seçimi kimlər və hansı haqla edir?
​ ​Tarix sübut edib ki, imperiyaları və dövlətləri yıxan xarici düşmənlərdən öncə, daxildəki ədalətsizlik və xalqın dövlətə olan inamının sarsılmasıdır. Vətəni qorumaq bir imtiyaz və ya kimlərəsə güzəşt ediləcək bir "sektor" deyil. Əgər bir məmur övladının canı, bir fəhlənin, bir kəndlinin övladının canından daha dəyərli sayılırsa, biz hansı milli birlikdən danışa bilərik?
​ŞƏHİD qanının rəngi hər kəsdə eynidir. Anaların göz yaşı da eyni rəngdədir. Kasıb anasının fəryadı göylərə ucalarkən, məmur övladının eyş-işrət içində yaşaması cəmiyyətin mənəvi sütunlarını kökündən sarsıdır. Biz "Vətən sağ olsun!" deyən bir millətik, amma o Vətənin içində bəzilərinin digərlərindən daha "sağ" və daha tox yaşamasına dözə bilmərik.

 ​Hörmətli millət vəkili, unudulmamalıdır ki, oturduğunuz o yumşaq kreslolar, idarə etdiyiniz o kabinetlər və övladlarınızın dinc şəkildə sürdüyü o həyat, döyüşməsinə "ehtiyac duymadığınız" o kasıb balalarının qanı və canı bahasına qorunur. Dövləti yaşadan qanunlardan öncə mənəviyyat və ədalətdir. Xalqın haqqını, məzlumun səsini eşitməyənlər mütləq bir gün tarixin və vicdanın məhkəməsində cavab verəcəklər. Çünki ŞƏHİDLƏRİN qanı üzərində qurulan heç bir saxta imtiyaz əbədi ola bilməz.
​Vətən birdir və onun qarşısında hamı bərabərdir, ya hamı döyüşəcək, ya da heç kim özünü bu xalqdan üstün tutmayacaq!

Best coffeeshop in Berlin