Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əsəd Cahangir – 60: Azərbaycan ədəbiyyatına həsr olunan ömür

Ziyalı ömrünün dəyəri yaşadığı illərin sayıyla deyil, cəmiyyətə qazandırdığı mənəvi sərvət, yaratdığı dəyərlər və arxasında qoyduğu işıqla  ölçülür. Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndələrindən, tanınmış ədəbiyyatşünas, publisist, tərcüməçi və ictimai xadim Əsəd Cahangir də məhz belə şəxsiyyətlərdəndir. O, uzun illər ərzində Azərbaycan ədəbiyyatının inkişafına, ədəbi fikrin formalaşmasına və milli-mənəvi dəyərlərimizin təbliğinə sanballı töhfələr vermiş, öz zəngin yaradıcılığı və prinsipial mövqeyi ilə ziyalı nüfuzu qazandırıb. 
25 iyun 1966-cı ildə anadan olan Əsəd Cahangir ömrünü Azərbaycan ədəbiyyatının, milli bədii fikrinin və ədəbi tənqidin inkişafına həsr etmiş ziyalılardandır. Uzun illər “Azərbaycan” jurnalının tənqid və publisistika şöbəsinə rəhbərlik etmiş, 2014-cü ildən etibarən jurnalın baş redaktorunun müavini kimi fəaliyyət göstərmişdir. 2024-cü ildə isə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsinə təyin olunmuşdur.
Əsəd Cahangir müasir Azərbaycan ədəbi tənqidinin fəal simalarından biri kimi yazıçı və şairlərin yaradıcılığına həsr olunmuş sanballı elmi-tənqidi araşdırmaların müəllifidir. Onun qələmindən çıxan məqalələr analitik düşüncə tərzi, obyektiv elmi mövqe və milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Ədəbiyyatşünaslıq sahəsində apardığı araşdırmalar Azərbaycan elmi fikrinə mühüm töhfələr vermişdir.
Onun müəllifi olduğu “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq?”, “On üçüncü gecə”, “Dionisin şərəfinə” kimi kitablar ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmış, elmi və bədii dəyərinə görə yüksək qiymətləndirilmişdir. Tərcümə fəaliyyəti ilə də milli mədəniyyətə xidmət edən Əsəd Cahangir müxtəlif dillərdən dəyərli əsərləri Azərbaycan oxucusuna təqdim etmişdir.
Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafındakı xidmətləri dövlət və ictimai qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” Ədəbi Mükafatına, eləcə də 2013-cü ildə “Ən yaxşı tənqidi və publisistik əsərə görə Yaşar Qarayev adına mükafat”a layiq görülmüşdür.
Vətəndaş Həmrəyliyi Partiyası olaraq Əsəd bəyi 60 illik yubileyi münasibətilə təbrik edir, ona zəngin yaradıcılıq yolunda yeni uğurlar, qələminin hər zaman işıqlı olması, möhkəm can sağlığı, mənəvi rahatlıq, tükənməz yaradıcılıq enerjisi və yeni nailiyyətlər arzulayırıq.

Best coffeeshop in Berlin