“Beynəlxalq Əlillər Cəmiyyəti” İB əlilliyi olan insanlarla görüşüb
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi "Qayıdışa aparan yol" adlı layihəsinin icrası zamanı öz müraciətlərinə əsasən bir neçə imtiyazlı şəxslərlə görüşərək problemlərinin qeydiyyatını aparmışlar.
Onlardan biri I qrup əlil, uzun illər yataq xəstəsi olan Fikrət Babayevin əlil arabasına ehtiyacı var. Qeyd edirik ki, hələ 15 il əvvəl Fikrət Babayevə Gəncliyə Yardım Fondundan əlil arabası almasına yardım etmişdik. Həmin əlil arabası artıq çox köhnəldiyindən ictimai birlik onun yeni əlil arabası ilə təmin olunması üçün aidiyyəti təşkilatlara müraciət etmişdir.
Qarabağ müharibəsi əlilləri olan digər iki nəfər Ələddin və Rüstəm qardaşları ilə görüşərək maarifləndirici söhbət aparılmış, mənəvi dəstək göstərilmişdir.
Tahir Xudiyev qeyd edir ki, layihə hələ davam edir, bir neçə müraciətlə bağlı respublikamızın rayonlarına səfərlər də nəzərdə tutulub.


