Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fikrət Şiriyev:

BDU-nun görkəmli alimi Məhəmməd Quliyev vəfat etdi

Əziz dostlar! Dərin hüznlə bildirirəm ki, 2026-cı il iyunun 22-də Bakı Dövlət Universitetinin ən dəyərli ziyalılarından biri, Diferensial və inteqral tənliklər kafedrasının professoru, BDU Həmkarlar İttifaqı Komitəsinin sədri(1995-2006) olmuş tanınmış alim, gözəl və səmimi insan Məhəmməd Quliyev vəfat etmişdir.   
Tariximizə yalnız xidmətlərinə, bizə bir xalq olaraq milli özünüdərk fəlsəfəsini izah etdiyinə,  intellektual səviyyəmizə ən yaxşı mənada müdaxilə etdiyinə görə yox, həm də görkəmli şəxsiyyətlər, dəyərli alimlər, ümumilikdə isə yüksək ziyalı təbəqəsi formalaşdırdığına görə qiymətli olan Bakı Dövlət Universitetinin yetişdirdiyi İnsanlar(böyük hərflə) siyahısının ön cərgələrində bir ad var idi: Məhəmməd  Quliyev! Alimlik ilə insanlığının vəhdətini  yaradan nadir şəxsiyyətlərdən biri! Fizika-riyaziyyat elmləri doktoru, professor olan Məhəmməd müəllim insanlıq elmləri üzrə çoxdan Akademiyanın həqiqi üzvü seçilmişdi. 1995-ci ildə Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçiləndən  həmin Akademiyaya da həqiqi üzv seçildi. Universitetin mürəkkəb və “hər adamı bəyənməyən” kollektivi  bu böyük alimi daha yaxından tanıyandan sonra insanlığına heyran olub onu sevdi. İnsanlar həmin o  çətin illərdə nəcib əməllər  sahibi olan Məhəmməd müəllimin yüksək insanpərvərliyinin, alicənablığının, xeyirxahlığının şahidi olub onu bir daha kəşf etdilər.
Mənim boynuma dünyanın ən çətin işlərindən biri düşüb-Məhəmməd müəllimdən sonra Universitetin Həmkarlar Komitəsinə rəhbərlik etmək. Çətinlik onda idi ki, Məhəmməd müəllim mümkün olan bütün növ yaxşılıqları etmişdi, bütün nəcibliklərin ən alisini həyata keçirmişdi, insanların ürəyində elə abidə ucaltmışdı ki, onun elmi işini yekunlaşdırmaq məqsədilə vəzifəsindən istefa verdiyi məlum olanda və rektorun  bu işi mənə tapşıracağı barədə xəbəri eşidəndə şok oldum. Pis adamdan sonra eyni işi icra etməyə nə var ki, ən çətini yaxşı adamdan sonra vəzifəyə gəlməkdir, onun etdikləri qədər edə bilməyəndə (bu isə labüddür)hamı səni qınayır, hamı səni onunla müqayisə edib dəyər verir, hamı sənə  o prizmadan baxır.  O isə bütün zirvələri fəth edib, bütün mümkün olan etalonları müəyyənləşdirib. Çox çalışandan sonra bir nəticə hasil olmadı, axır bu qənaətə gəldim ki, nahaq çalışmağa dəyməz, məndən əvvəl Həmkarlar İttifaqının sədri olmuş Məhəmməd müəllim həmişə məndən öndə olacaq, mən onu heç bir parametrə görə ötə bilməyəcəyəm.
Bizim Universitetin Həmkarlar Komitəsi  Avrasiya Universitetləri Həmkarlar təşkilatları Assosiasiyasının üzvü idi. Məhəmməd müəllimin zamanında, yəni 1996-cı ildə 11 ölkənin 50-yə yaxın universitetini birləşdirən bu təşkilata  üzv seçilmişdik. 2006-ci ildən sonra qurumun ildə bir dəfə keçirilən qurultaylarına mən getmişəm. Yəqin çoxu inanmaz, ancaq səmimi bir həqiqətdir ki, 14 il gedib-gəldiyim o qurultaylarda məndən ilk olaraq yaddaşlarında yüksək təəssüratlar yaratmağı bacarmış Məhəmməd müəllimi soruşurdular, necədir, haradadır, nə ilə məşğuldur. Slavyanların nəyi olsa da, bizə baxanda, riyakarlıqdan bir az aralı düşüblər. Onların dilindən Məhəmməd müəllim haqda çoxsaylı xoş sözlər eşidəndə, səmimiliyinə şübhə etmirdim, onlar deyəndə ki, Məhəmməd müəllim çox nəcib, yüksək  mədəniyyəti, böyük ziyalılığı olan bir insandır, ürəyim qürurla dolurdu.
Məhəmməd müəllimin hər hərəkətində, hər sözündə, hər jestində bir alicənablıq, ağayanalıq, xanlıq, bəylik var idi. Mən əminəm ki, bu aristokratlıq onun doğulduğu Xanlıq kəndinin suyundan, havasından  gəlirdi. 2020-ci ildə Xanlıq kəndi  düşmən tapdağından azad ediləndə mən ona telefon açıb təbrik etmişdim. Kövrəlib dedi ki, elə arzulayıram gedib oraları görəm, bulaqların suyundan içim, dağların havasını udum. Təəssüf ki, alicənablığı, xoş aurası ilə bərabər həm də el dilində desək, “kişmişi” rəqsləri ilə toyların yaraşığı olan Məhəmməd müəllimin həmin rəqsləri təqdim edən ayaqları son illərdə tutuldu, xəstəlik ona evindən kənara çıxmağa imkan vermədi, beləcə Qubadlı da, Xanlıq da ürəyində qalmalı oldu. Nəvələrinin əlindən tutub Xanlıq bulaqlarından su içmək, ciyərləri o hava ilə doldurmaq arzuları, dədə-baba həyətində məclis qurub dostları dəvət etmək istəkləri yarımçıq qaldı. 
Yaxşı yadımdadır, 2023-cü ilin sentyabrın 27-də, 80 illik yubileyi günündə onu həm də cəmi bir həftə əvvəl ölkəmizin dövlət suverenliyinin tam bərpa olunduğu tarixi gün münasibətilə də təbrik etdim, elə sevinirdi ki, sanki dünyanı ona bağışlamışdılar. Dedi ki, bircə bu ürəyimə pis gəlir ki, İkinci Qarabağ müharibəsinin başladığı gün və  həlak olan hərbçilərin xatirəsinin Anım Günü mənim ad günümə düşüb. İndi vəfat etdiyi gün də İkinci Dünya müharibəsinə o vaxtkı ölkəmizin qoşulduğu 22 iyun tarixinə düşdü. 
Ömrü boyu sülh tərəfdarı olan, böyük konfliktləri yox, heç kiçik münaqişələri, mübahisələri də xoşlamayan, hər işi əmin-amanlıqla yola verməyin tərəfdarı olan alicənab insanın olum günü də müharibənin başladığı günə düşdü, ölüm günü də. Bu dünyada etdiyiniz əməllərə, gördüyünüz nəcib işlərə, xeyirxahlıqlara görə Uca tanrının dərgahında cənnətə gedən yolunuz mübahisəsiz açıq olsun, Məhəmməd müəllim! 
Allah rəhmət eləsin!

Best coffeeshop in Berlin