Kərim Kərimli:
İsmayıl İsmayılov Şuşanı sevən və yaşadan insanlardandır
…Dünyanın, Azərbaycanın və Şuşanın yaxşı, təvazökar adamlarından biri də İsmayıl müəllimdir.
Ad günü ölkəmizin ən gözəl bayramlarından biri olan Silahlı Qüvvələr günü ilə eyni vaxta düşür və o da hər il hamını bu münasibətlə təbrik etsə də öz ad günü barədə bir kəlmə belə demir, yazmır.
Mən onu tanıyandan bəri elə belə görmüşəm.
Sadə, səmimi, təvazökar və daimi hamı üçün sidq-ürəkdən çalışan.
Onun iki kitabını misal göstərmək istəyirəm.
“Azərbaycan mirvarisi Şuşa” və “Bizim Qala”.
Hər ikisi həm kitabdır, həm də Şuşa albomu.
Bu kitablar bu gün Şuşanı öyrənmək istəyən, onun tarixi, zəngin mədəniyyəti, keçmiş və indiki həyatı ilə maraqlanan insanların, xüsusən də gənclərin və bu sahədə çalışan şəxslərin stolüstü kitablarına çevrilib.
Elə mən özüm də az qala əzbərdən bildiyim bu kitablara tez-tez müraciət edirəm.
Kitabların ikisini də tədqiqat əsəri adlandıra bilərik.
Şuşanın məşhur memarlıq abidələrinin tarixi, işğaldan qabaqkı, işğal dövründəki və azadlıqdan sonrakı dövrlərə aid fotoları və həmin abidələr haqda müvafiq izahatlar verən mətnlər bu kitablarda ustalıqla təqdim olunur.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş bu kitablar olduqca qiymətli mövzuya aid çox qiymətli mənbələrdir.
“Azərbaycan mirvarisi Şuşa” hələ Şuşa işğal altında olduğu dövrdə, 2015-ci ildə işıq üzü görüb.
Bu kitabda dogma şəhərinin həsrətini çəkən bir ziyalının ürək çırpıntılarını duymaq o qədər də çətin deyil.
Kitabda Şuşa şəhərinin hələ Pənahabad adlandırıldığı dövrlərdən başlayaraq XX əsrin sonlarına qədər dövrü əhatə edən bir müddət ərzində bu gözəl şəhərə aid olan memarlıq abidələri, Şuşadan pərvazlanmış dahi insanlar haqqında maraqlı məlumatlar əksini tapıb. Kitabdakı nadir fotoşəkillər, xəritələr, sənədlər hər bir oxucunun diqqətini cəlb edir.
“Bizim Qala” isə 2022-ci ildə həm Şuşanın azad olunmasından sonra, həm də məhz Şuşa İlində çap olunub.
Müəllifin Şuşa sevgisi kitabın hər səhifədə hiss olunur.
Bu səhifələrdə Şuşada həyata keçirilən bərpa işləri, şəhərin yenidən qurulması ilə bağlı məsələlərə ətraflı yer ayrılıb. Şəhərin tarixi məhəllələri barədə qiymətli yazılar verilib.
İsmayıl müəllimin həm dövlət qulluğunda, həm də digər sahələrdə işi, fəaliyyəti əslində daha geniş və çoxşaxəlidir. Ancaq mən bir yazıçı kimi onun məhz bu sahədəki nümunəvi işinə toxundum.
İsmayıl müəllimi ad günü münasibəti ilə ürəkdən təbrik edirəm.
Ona uzun ömür, möhkəm can sağlığı, işlərində yeni-yeni və böyük uğurlar arzulayıram.
Bu gün Şuşada yaşamaq, işləmək və nə isə yarada bilmək xoşbəxtliyi nəsib olan insanlardan biri də Şuşanı çox sevən İsmayıl İsmayılovdur.
Allah bu xoşbəxdliyin ömrünü çox, çox, lap çox eləsin!
Təbrik edirəm!
P.S. Şəklimiz çəkiləndə mən hələ Şuşaya köçməmişdim. İmkan olduqca buraya gəlir, ürəyimi, canımı, varlığımı burada qoyub yenidən Bakıya qayıdırdım. Belə səfərlərin birində İsmayıl müəllimlə Güllü bağda, - heç bilmirəm, necə oldusa, - bu şəkli çəkdirmişik...)
O biri şəkillər isə göründüyü kimi onun kitablarına aiddir.


