Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ADPU-da Ərdahan Universitetinin rektorunun müasir türkoloji tədqiqatlarla bağlı elmi seminarı keçirilib

İyulun 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Müasir dövrdə türkologiya sahəsində tədqiqatların əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.
Universitetin Türkoloji Mərkəzi, Filologiya fakültəsi və Tarix və coğrafiya fakültəsinin professor-müəllim heyəti və əməkdaşlarının iştirakı ilə təşkil olunan seminarın məqsədi müasir türkologiya elminin aktual tədqiqat istiqamətlərinin, bu sahədə mövcud elmi problemlərin və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov türkologiyanın Azərbaycan elmi və milli-mənəvi dəyərlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor son dövrlərdə universitetdə türkologiya istiqamətində həyata keçirilən elmi təşəbbüslərdən, Türkoloji Mərkəzin fəaliyyətindən və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Rektor belə seminarların alimlər arasında elmi fikir mübadiləsinin genişlənməsinə və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verdiyini bildirib.
Seminarın əsas məruzəçisi olan Türkiyənin Ərdahan Universitetinin rektoru professor  Öztürk Emiroğlu “Müasir dövrdə türkologiya sahəsində tədqiqatların əsas problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dünyada türkologiya üzrə aparılan elmi araşdırmaların əsas istiqamətləri, sahənin aktual problemləri, beynəlxalq elmi əməkdaşlığın perspektivləri, eləcə də türk dilləri və ədəbiyyatının tədqiqi sahəsində müasir yanaşmalar ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
ADPU-nun Türkoloji Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəkər Məmmədova mərkəzin fəaliyyəti, həyata keçirilən elmi layihələr, beynəlxalq əlaqələr və gələcək fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edib.
İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, professor Fərrux Rüstəmov yeni nəşr olunmuş "Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultayı" kitabını qonağa təqdim edib.
Seminar çıxışlar, müzakirələr və sual-cavab sessiyası ilə davam edib. İştirakçılar türkologiya sahəsində aparılan elmi tədqiqatların inkişaf perspektivləri, ortaq elmi layihələrin reallaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Qeyd edək ki, seminarın fəxri qonağı olan professor Öztürk Emiroğlu yeni türk ədəbiyyatı və dünya türkologiyası üzrə tanınmış alimlərdəndir. Uzun illər Polşanın Varşava Universitetində fəaliyyət göstərən alim 2010-cu ildə dosent, 2019-cu ildə professor elmi adını alıb və Polşada bu adlara layiq görülən ilk türk akademiki olub. O, həmçinin Varşavada Yunus Əmrə İnstitutunun direktoru və Polşa–Türkiyə İş Adamları Dərnəyinin baş katibi kimi fəaliyyət göstərib. 2025-ci ildə Ardahan Universitetinin rektoru vəzifəsinə təyin olunan professor Öztürk Emiroğlu Yeni Türk ədəbiyyatı, dünya türkologiyası və Türkiyə–Polşa elmi-mədəni əlaqələri istiqamətində çoxsaylı elmi əsərlərin müəllifidir.

Best coffeeshop in Berlin