"Qarabağ" MOİK-lə bacarmayıb
Futbolumuzun Avrokuboklarda fiasko günü
Dünən futbol üzrə Avropa Liqasında və eləcə də Konfrans Liqasında ikinci təsnifat mərhələnin cavab oyunları keçirilib. Həmin gün bu iki turnirdə ölkəmizi təmsil edən 3 klubumuz cavab matçına çıxıb. Ölkəmizi Avropa liqasında təmsil edən "Qarabağ" klubu Bolqarıstanın paytaxtı Sofiyada yerli MOİK-lə, Konfrans Liqasında çıxış edən klublarımıza gəlincə, "Zirə" doğma divarlar arasında "Payde" (Estoniya) ilə, "Neftçi" isə səfərdə Minsk "Dinamo"suyla qarşılaşıb. Təəssüflər olsun ki, hər üç təmsilçimiz cavab matçında istənilən nəticəyə nail ola bilməyib və fiaskoya uğrayıb.
Xatırladaq ki, bir həftə öncə Bakıda qonağı olan MOİK-lə (Bolqarıstan) oyunu qolsuz bərabərliklə (0:0) bitirən "Qarabağ" səfərdə keçirdiyi cavab matçında da eyni aqibəti yaşayıb. Matçda əlavə edilən 30 dəqiqədə də tərəflərdən heç biri fərqlənə bilməyib - 0:0.
Qalibi aşkar etmək üçün penalti seriyası başlayıb. Çox təəssüflər olsun ki, bu seriyada MOİK daha dəqiq olaraq, mərhələni aşmağa nail olub - 4:5. Qeyd edək ki, "Qarabağ'ın heyətində braziliyalı Mateus Silvanın zərbəsi dəqiq olmayıb. Qapımıza vurulan zərbələrə gəlincə, polşalı qolklperimiz Mateuş Koxalski 5 zərbədən heç birini nəinki qaytara, hətta belə müəyyənləşdirə bilməyib.
Nəticədə, "Qarabağ " 2024/15-ci illər mövsümündən indiyədək ilk dəfə olaraq Avropa Liqası ilə belə erkən vidalaşıb. Ağdam təmsilçisi bundan sonra Avropa turnesində mübarizəni Konfrans Liqasının 3-cü mərhələsindən davam etdirəcək. Rəqib isə bu mərhələdə Kiyev "Dinamo"su olacaq.
Konfrans Liqasında təmsil olunan klublarımıza gəlincə, bir həftə öncə Estoniyada yerli "Payde" klubuna 0:1 hesabla uduzan təmsilçimiz "Zirə"nin cavab matçında həm revanş edəcəyinə, həm də mərhələ alacağına inananlar çox idi. Lakin,...
"Qartallar" matçın 5-ci dəqiqəsində qol vuraraq, ümumi hesabı bərabərləşdirdikdən sonra (1:1) ümidlər daha da çoxalıb. Di gəl ki, Rəşad Sadıxovun yetirmələri bundan artdığını edə bilməyiblər. Üstəlik əvəzində öz qspilarından daha bir qol buraxıblar. Ümumi hesab 1:2 olunca "Zirə" Avrokubokla vidalaşıb.
Eyni turnirdə çıxış edən "Neftçi" klubu isə cavab matçına daha pis vəziyyətdə çıxıb. Bir həftə öncə Bakıda Minsk "Dinamo"suna 2:4 hesabla uduzan "Neftçi"nin cavab matçında möcüzə edəcəyinə inanmaq həqiqətən də ağılsızlıq olardı. Hər şey gözlənildiyi kimi də olub. "Neftçi" səfərdə 1:0 hesabla udmağı bacarsa da, ümumi nəticəyə görə turnirlə vidalaşmaq məcburiyyətində qalıb- 3:4.
Beləliklə, cari mövsümün əvvəlindən Avrokuboklara qatılan 4 klubumuzdan ikisi artiq çıxışını dayandırıb.
Qalan iki klubumuzdan isə, "Qarabağ" mübarizəni Konfrans Liqasında, çempionumuz "Sabah" isə çıxışını uğurlu debüt etdiyi (4 oyun, 4 qələbə) Çempionlar liqasında davam edəcək.
İNTİQAM Məmmədov


