Faiq İsmayılov:
Mirik toponimi
Mirik, Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində inzibati yaşayış məntəqəsidir. Kənd, 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 1 dekabr 2020-ci ildə işğaldan azad edilmişdir. Mirik kəndi Həkəri çayın Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 km hündürlükdə dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə yerləşir.
Mirik sözü, mir-irik-ik söz birləşmələrindən yaranmışdır. Mirik sözündəki “mir” ifadəsi “əmir” sözündən götürülüb və mənası “başçı”, “rəhbər” deməkdir. Həmçinin "miri" sözü, ictimai və ya mülki torpaq-mülkiyyət mənalarını daşıyır. "İrik" sözü, Azərbaycan dilində adətən iri, böyük, qalın mənalarını ifadə edən bir sifətdir. "İk" söz ifadəsi (və ya daha tez-tez işlənən forması ilə "ilk") sözü birinci, əvvəlinci, ən başda gələn mənasını verir. Mirik sözünün türk dillərindəki “marak-maraq” sözündən yarandığını nəzərə alsaq Mirik sözü "böyük əzəmətə malik, ilk qiymətli ərazi" mənasını ifadə edir.
Mirik sözü həm tarixi toponim, həm də türk mənşəli termin kimi işlənir. Azərbaycanın Laçın rayonunda üç min il yaşı olduğu ehtimal edilən qədim kəndin adı kimi tanınan Mirik adının bir çox internet saytlarında Mirik qalasından götürülməsi və “müşahidə” kimi mənalandırılması iddiası kökündən yanlışdır. Çünki Mirik sözünün qədim Mirik qalasının adı ilə heç bir bağlılığı yoxdur.
"Mırık" Anadolu ləhcələrində istifadə olunan yerli bir termindir və palçıqlı gil, lil, sulu bataqlıq mənasını verir. Həmçinin Türkiyənin bəzi bölgələrdə "mırık" ifadəsinin üz, sifət, sevinc və ya xoşbəxtlik mənasını verdiyi bildirilir.
Afrikada Atlantik okeanı sahilində, Mirik bəzəndə “Timbres” adlandırılan ərazi, Blanko burnundan 160 km cənub-qərbdə, 19°22'14" şimal enliyində və 18°53'30" qərb uzunluğunda yerləşən bir burundur. Mirik yaxınlığında, səth sahəsi 8400 kvadrat kilometr olan Arguin qum sahili bitir. Maraqlıdır ki Laçın rayonunun Mirik kəndinin də ətraf əraziləri tikinti təsərrüfatı üçün böyük keyfiyyətli qum ehtiyatına malikdir.
Hindistanın Qərbi Benqal əyalətində gölü və mənzərəli mənzərələri ilə tanınan Mirik adlı kiçik bir şəhər var. Adı Lepça dilindən götürülüb və "odla yandırılmış yer" deməkdir.
İranın Xorasan şəhərinin cənubunda Mirik adlı kənd mövcuddur.
Faiq İsmayılov.
AMEA A.A.Bakıxanov adına
Tarix və Etnologiya İnstitunun əməkdaşı


