Nikol Paşinyan İlham Əliyevə zəng etdi: tərəflər Vaşinqton sammitindən sonrakı ilin nəticələrini müzakirə etdilər
Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan dövlət başçısının mətbuat xidməti məlumat verib.
Telefon danışığı zamanı tərəflər 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə keçirilən və Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına səbəb olan Vaşinqton Sülh Zirvəsinin birinci ildönümü, eləcə də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin paraflanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları hökumətinin sülh prosesinin irəliləməsindəki mühüm rolunu xüsusilə qeyd ediblər.
Tərəflər son bir ildə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında əldə edilən irəliləyişləri qeyd ediblər.
Söhbət zamanı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafının sülhün faydalarının bariz təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycan neft məhsullarının Ermənistana ixracını, eləcə də yüklərin Azərbaycan vasitəsilə Ermənistana və Ermənistandan digər istiqamətlərə tranzitini qeyd ediblər.
Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilən razılaşmalara uyğun olaraq TRIPP marşrutunun həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər sülh prosesinin irəliləməsi və regionda davamlı sülhün, sabitliyin, nəqliyyat əlaqəsinin və iqtisadi əməkdaşlığın təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.


