Fariz Xəlilli:
USTADIN 76-CI SEYRİ
İllər əvvəl müəllimim Qafar Cəbiyev haqqında yazarkən onu “Azərbaycan arxeologiyasının Piri” adlandırmışdım. O zaman “Pir” anlayışını öz ətrafında məktəb yaradan, elmi ənənəni yaşadan və yeni nəslə yol göstərən ustad mənasında işlətmişdim. 75 yaşında isə Qafar müəllimi “Arif arxeoloq”, Azərbaycan arxeologiyasının “mərifət zirvəsinə” yüksəlmiş alim kimi təqdim etdim. Bu gün, 76 yaşında həmin iki anlayış onun elmi və müəllimlik fəaliyyətində bir-birini tamamlayır.
Mən Qafar müəllimi çöldə, qazıntıda, abidələrin başında tanımışam. Arxeoloqu tanımağın ən doğru yeri də qazıntıdır. Orada alimin biliyi qədər səbri, məsuliyyəti və insanlara münasibəti də üzə çıxır. Qafar müəllimin məktəbi məhz belə bir məktəbdir – torpağın hər qatını diqqətlə oxumağı, hər tapıntıya tarixi informasiya mənbəyi kimi baxmağı öyrədən məktəb.
Onun elmi fəaliyyətində Azərbaycan keramikasının sistemli öyrənilməsi, Girdimanın tarixi coğrafiyası, Cavanşir və Mehrəvan qalaları ilə bağlı araşdırmalar xüsusi yer tutur. Orta əsr Ağsu şəhərində aparılan genişmiqyaslı qazıntılar isə Qafar Cəbiyev məktəbinin ən böyük meydanlarından birinə çevrildi. Burada paytaxt şəhərin küçələri, qala divarları, Cümə məscidi, hamamı, buzxanası və digər tikililəri üzə çıxmadı, eyni zamanda yeni arxeoloqlar nəsli yetişdi.
Qafar müəllimlə müəllim-tələbə münasibətlərimiz yalnız Azərbaycanın arxeoloji qazıntı meydanlarında formalaşmayıb. Birlikdə ölkəmizin hüdudlarından kənarda keçirilən beynəlxalq elmi tədbirlərdə də Azərbaycan arxeologiyasını və mədəni irsimizi təmsil etmişik. Türkiyənin İstanbul və Konya, Şimali Makedoniyanın Ohrid, İspaniyanın Madrid və Kaseres, Qazaxıstanın Aktau, Türküstan və Almatı, İtaliyanın Roma, Bolonya, Verona, Milan, Venesiya, Neapol və Matera, Albaniyanın Tirana və Elbasan, Böyük Britaniyanın London və Qlazqo şəhərlərində və digər beynəlxalq elmi platformalarda onunla yanaşı olmaq, müxtəlif ölkələrin alimləri ilə Azərbaycan tarixi, arxeologiyası, mədəni irsin qorunması və Orta əsr Ağsu şəhərində qazandığımız təcrübə haqqında fikir mübadiləsi aparmaq mənim üçün ayrıca bir məktəb olub. Mən Qafar müəllimi bu səfərlərdə də qazıntıda gördüyüm kimi görmüşəm: Azərbaycan tarixini böyük sevgi ilə təqdim edən, elmi müzakirədən çəkinməyən, ölkəmizin zəngin arxeoloji irsini dünyaya tanıtmağı özünə borc bilən alim kimi. Beləliklə, bizim müəllim-tələbə seyrimiz Ağsu və Qəbələnin qazıntı meydanlarından başlayaraq Azərbaycanın sərhədlərini aşmış, dünyanın müxtəlif elmi və mədəni məkanlarına qədər uzanmışdır.
Son illərin tədqiqatları Qafar müəllimin elmi fəaliyyətində başqa bir istiqaməti – İslam dövrü arxeologiyasını daha aydın göstərir. Şıxməzid xanəgahı, Şeyx Dursun türbəsi, Basqaldakı Şeyx Məhəmməd məscidi, Kələxana türbələri, Avaxılda Pir Ömərlə bağlı araşdırmalar, eləcə də Bakı və Sulutdakı tədqiqatlar bu istiqamətin mühüm mərhələləridir. Mənim xanəgahların Şirvanşahlar dövləti tarixinin öyrənilməsində mənbə kimi araşdırılmasına yönəlməyimdə də Qafar müəllimin böyük rolu olmuşdur.
Qafar müəllimin arxeologiyasında bir xüsusiyyət həmişə diqqətimi çəkib: o, tapıntının arxasında insanı görməyə çalışır. Sadə bir saxsı parçasından insanların məişətini, tikili qalıqlarından şəhərin həyatını, xanəgah və türbələrdən isə bütöv bir dövrün mənəvi dünyasını oxumaq onun arxeoloji baxışının əsas xüsusiyyətidir. Mən buna arif arxeoloqun baxışı deyirəm.
Bu gün Qafar müəllimin 76 yaşı tamam olur. Amma mən bu yaşı yolun yekunu kimi deyil, yeni bir seyrin başlanğıcı kimi görürəm. İllər əvvəl başlayan bu seyr bizi Ağsudan Qəbələyə, Şıxməziddən Basqala, Kələxanadan Suluta, Bakıdan dünyanın müxtəlif şəhərlərinə aparıb. Qarşıda isə Azərbaycan İslam dövrü arxeologiyasının, xüsusilə Basqalın, Kələxananın, Şıxməzidin, Sulutun və Bakının Bayırşəhərinin açılmamış çox səhifələri var.
76 yaşınız mübarək, Qafar müəllim!
Sizə yeni səfərlər, yeni qazıntılar, yeni kəşflər və yetişdirdiyiniz insanların elmi uğurlarını görəcəyiniz uzun ömür arzulayıram. Qoy ustadın 76-cı seyri də əvvəlkilər kimi yeni yollar, yeni abidələr və yeni kəşflərlə davam etsin. Çünki ustadın ən böyük elmi irsi yaratdığı məktəb və yetişdirdiyi insanlardır.
Fariz Xəlilli
tarix üzrə fəlsəfə doktoru
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



