Azərbaycan millisi Dünya Seriyasının qalibi olub
26-27 sentyabr günlərində Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının son həlledici final mərhələsi keçirilib. İki gün davam edən yarışda Azərbaycan baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 5 idmançı ilə təmsil olunub. Maraqlıdır ki, beşliyimizin bütün üzvü turnirdə uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Onlardan üçü çıcışını birinci yerdə bitirməklə, qızıl, ikisi isə üçüncü yeri tutmaqla bürünc medala sahib çıxıb.
Qızıl medallar Vüsal Əliyev (80 kq), bu yarışda debüt edən Əşrəf Aşırov (90 kq) və ən ağırimiz olan, hər dəfə qum üzərinə çıxmağı tamaşaçılar arasında xüsusi coşqu ilə qarşılanan Camal Feyziyevin (+90 kq, AHİİTA-nın üzvü) aktivinə yazılıb. Bürünc medallar isə Rübail İbrahimli (80 kq) və Sahib Dadaşovun (90 kq) payına düşüb. Beləliklə, Azərbaycan komandası Dünya Seriyasının Qədim Ellada torpağında baş tutan final mərhələsində 5 (3-0-2) medalla komanda hesabında birinci yeri tutub.
Yeri gəlmişkən, bu final mərhələsindən sonra mövsüm ərzində keçirilən 5 mərhələnin yekununa əsasən mövsümün qalibləri və mükafatçıları müəyyənləşib. Azərbaycan yığmasının üzvü Vüsal Əliyev yekun nəticəyə görə karyerasında ikinci dəfə dünya çempionu adını qazanıb. 90 kq çəkidə çıxış edən debütantımız Əşrəf Aşırov da mövsümü dünya çempionu kimi başa vurub. Daha üç təmsilçimiz - Rübail İbrahimli, Sahib Dadaşov və Camal Feyziyev isə mövsümü dünya üçüncüsü kimi bitirib.
Onu da qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani Dünya Güləş Birliyi (UWW) tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



