Qızlardan ibarət U-20 voleybol millimiz EEVZA-da 5-ci olub
22-25 oktyabr günlərində Gürcüstanın Rustavi şəhərində 20 yaşlı (U-20) voleybolçu qızlar arasında seçmə xarakterli EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatı keçirilib. Dörd gün davam edən turnirdə Azərbaycan da daxil olmaqla, 7 komanda iki qrupda (A və B) mübarizə aparıb. Turnirə türkiyəli mütəxəssis Gökhan Edmonun rəhbərliyi altında qatılan millimiz A qrupunda Polşa və Latviya yığması ilə qarşılaşıb. Hər iki oyunda məğlub olan millimiz sonda B qrupunda üçüncü yeri tutan Gürcüstan millisi ilə qarşılaşıb. Görüş millimizin 3:2 hesablı qələbəsi ilə bitib. Turnirin qalibi isə finalda Ukrayna üzərində 3:1 hesablı qələbə qazanan Polşa olub. Qalib komanda həm də Avro-2027-yə vəsiqə qazanıb.
Qeyd: B qrupunda ev sahibi Gürcüstan, Ukrayna, Estoniya və Ermənistan mübarizə aparıb. Reqlamentə görə A qrupunda birinci yeri tutan B qrupunun lideri ilə finalda üzləşib (Polşa - Ukrayna). A2-B2 (3-cü yer uğrunda) və A3 - B3 (5-ci yer uğrunda) qarşılaşıb.
İNTİQAM Məmmədov



