Cüdo yığmamız BƏƏ-də daha bir medal qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə kişi və qadınlar arasında cüdo üzrə keçirilən reytinq xarakterli "Böyük Dəbilqə" turniri davam edir. İlk günü cüdoçularımızın 3 (2-0-1) medal qazandığı turnirin ikinci günü yığmamıın daha bir üzvü mükafatçılar sırasında yer alıb. Söhbət üçüncü yeri tutmaqla bürünc medal qazanan Olimpiya çempionumuz Hidayət Heydərovdan (73 kq) gedir. ACF-dən verilən məlumata görə, startda Rumıniya, ardından isə Belçika və Kosovo təmsilçisini məğlub edərək yarımfinala yüksələn Olimpiya çempionumuz finala çıxışda Tacikistan idmançısı Məsudi Əhmədzod ilə bacarmayıb. Finaldan kənarda qalan Heydərov üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi İrakli Toqinaşvilini üstələyərək bürünc medala yiyələnib. Bununla da, yığmamızın aktivindəki medalların sayı 4-ə (2-0-2) çatıb.
Xatırladaq ki, əvvəlki gündə Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyevsə (66 kq) bürünc medal qazanıb.
İNTİQAM Məmmədov



