Gənc cüdoçularımız DÇ-da iştirak edəcəklər
19-22 noyabr günlərində Özbəkistanın paytaxtı Daşkənddə gənc cüdoçular arasında dünya çempionatı keçiriləcək. ACF-dən verilən məlumata görə, 4 gün davam edəcək bu mundialda Azərbaycan da daxil olmaqla, 82 ölkəni təmsil edən 597 (319 oğlan, 278 qız) cüdoçu medallar uğrunda yarışacaq. Yeri gəlmişkən, Azərbaycan bu yarışa 10 çəki dərəcəsində 14 (9 oğlan və 5 qız) idmançı ilə qatılacaq.
Gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhaqq Rəsullunun rəhbərliyi altında sözügedən turnirə qatılacaq heyətdə Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq), Mehdi Abbasov, Cəsur İbadlı (hər ikisi 81 kq), Süleyman Şükürov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Davud Namazlı, Canpolad Əliyev (hər ikisi 100 kq) və Ramazan Əhmədov (+100 kq) yer alıb.
Gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi Saşa Herkenart-Vimar və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında mundiala qatılacaq qızlar komandasının heyətinə isə Nərgiz Əhmədova (48 kq),Aysun Məmmədova (52 kq), Xədicə Qədəşova, Vüsalə Hacıyeva (hər ikisi 57 kq) və Hanna Zaytseva (63 kq) cəlb edilib.
İNTİQAM Məmmədov



