Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AKINCI və Bayraktar TB2 dronları Manisa-Balıkesir avtomobil yoluna eniş-qalxış həyata keçirdi

Türkiyənin AKINCI və Bayraktar TB2 pilotsuz uçuş aparatları fövqəladə vəziyyətlərdə uçuş-enmə zolaqlarından istifadə mümkün olmadıqda əməliyyatların davam etdirilməsi məqsədilə keçirilən təlim zamanı avtomobil yoluna uğurla eniş və qalxış həyata keçirib.
 

AZpress.AZ xəbər verir ki, noyabrın 12-də Türkiyənin Milli Müdafiə Nazirliyi, Avtomobil Yolları Baş İdarəsi və Baykar şirkətinin birgə koordinasiyası ilə Manisa–Balıkesir avtomobil yolunda xüsusi təlim təşkil olunub.

 

Təlim zamanı müxtəlif hərbi və sınaq bazalarından havaya qalxan üç pilotsuz uçuş aparatı müəyyən edilmiş avtomobil yolu sahəsində bir araya gəlib. Onlar əvvəlcədən təhlükəsizlik tədbirləri görülmüş yol hissəsindən alternativ uçuş-enmə zolağı kimi istifadə ediblər.
 

Baykarın məlumatına görə, təlimin məqsədi Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatlarının hava bazalarındakı uçuş-enmə zolaqlarının sıradan çıxdığı və ya istifadəsinin mümkün olmadığı fövqəladə şəraitdə də tapşırıqları yerinə yetirə bilməsini sınaqdan keçirmək olub.
 

Bu məqsədlə Türkiyənin müxtəlif bölgələrində əvvəlcədən ərazi araşdırmaları aparılıb, alternativ eniş-qalxış üçün uyğun avtomobil yolu marşrutları müəyyənləşdirilib.

Noyabrın 12-də keçirilən təlimdə Baykarın təlim və sınaq fəaliyyətlərində istifadə etdiyi bir Bayraktar TB2 Keşandan, AKINCI Çorludan, Türkiyə Quru Qoşunları Komandanlığının inventarında olan digər Bayraktar TB2 isə İzmirdən havaya qalxıb.
Hər üç aparat Manisa–Balıkesir avtomobil yoluna uğurlu eniş və həmin sahədən qalxış həyata keçirib.Sınaq Türkiyənin pilotsuz aviasiya platformalarının ənənəvi aerodrom infrastrukturundan asılılığını azaltmaq istiqamətində həyata keçirdiyi fəaliyyətlərin ilkin praktik tətbiqi kimi təqdim olunur.
Baykar bu əməliyyat konsepsiyasını şirkətin istehsal etdiyi digər pilotsuz aviasiya platformalarına da şamil etməyi planlaşdırır.
Gələcək mərhələdə Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi KIZILELMA və qısa uçuş göyərtəsinə malik gəmilərdən eniş-qalxış üçün hazırlanmış Bayraktar TB3 platformasının da uyğun avtomobil yolu sahələrindən istifadə imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Şirkətin açıqlamasına əsasən, məqsəd Baykar tərəfindən hazırlanan bütün pilotsuz uçuş aparatlarının fövqəladə vəziyyətlərdə alternativ infrastrukturdan istifadə etməklə fəaliyyətini davam etdirməsini təmin etməkdir.

Təlimin keçirildiyi yol sahəsində təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirilib. Manisa valiliyi, Vilayət Jandarm Komandanlığı və Vilayət Polis İdarəsi avtomobil yolu boyunca müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Ərazidə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları hazır vəziyyətdə saxlanılıb.

 

Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin komandanlıqları, eləcə də Daxili İşlər Nazirliyinə bağlı Polis Baş İdarəsi, Jandarm Baş Komandanlığı və Sahil Mühafizəsi Komandanlığının nümayəndələri təlimi yerində izləyiblər.
 

Təlimlə əlaqədar Balıkesir–Akhisar yolunun müəyyən hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb və alternativ marşrutlar müəyyən edilib.Baykar bu təlimi pilotsuz aviasiya sistemlərinin əməliyyat çevikliyinin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirir.