5 boksçumuz AÇ-nin 1/4 finalına yüksəlib
Xorvatiyanın Proçe şəhərində 23 yaşlı (U-23) boksçular arasında keçirilən Avropa çempionatı davam edir. Azərbaycan da daxil olmaqla, 39 ölkədən 276 boksçunun mübarizə apardığı çempionatda 1/8 final mərhələnin döyüşlərinə yekun vurulub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, çempionata qatılan 7 boksşumuzdn 5-i uğurla döyüşərək, adını 1/4 finala yazdırıb. Bu beşlikdə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Nicat Alırzayev (70 kq) və ən ağırımız olan Səbuhi Əlizadə (+90 kq) yer alıb. Yeri gəlmişkən, bu mərhələnin ən diqqət çəkən döyüşü də məhz +90 kq çəkidə baş tutub. Həmin çəkidə rinqə çıxan boksçumuz Əlizadə erməni rəqibi İşxan Hovsepyan üzərində qələbə çalıb. Noyabrın 20-də isə o, 1/4 finalda bolqarıstanlı Kiril Georkiyevlə qarşılaşacaq.
İNTİQAM Məmmədov



