Gənc cüdoçumuz Məhəmməd Musayev DÇ-da bürünc medal qazanıb
Noyabrın 19-da Özbəkistanın paytaxtı Daşkənddə gənc cüdoçular arasında dünya çempionatıa start verilib. Azərbaycan da (9 oğlan və 5 qız cüdoçu) daxil olmaqla, 78 ölkəni təmsil edən 574 cüdoçunun iştirak etdiyi mundialın ilk günü yığmamızın 6 üzvü (2 oğlan və 4 qız) tatami üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıb. Cüdoçularımızdan 66 kq çəkidə çıxış edən Məhəmməd Musayev daha yaxşı güləşərək, mundialın mükafatçıları sırasında yer alıb. O, çıxışını üçüncü yerdə bitirməklə DÇ-nın (dünya çempionatının) bürünc medalını qazanıb. Bununla da Azərbaycan yığması ilk gündə medal hesabını açıb.
Xatırladaq ki, mübarizəyə 1/16 finaldan başlayan Musayev ardıcıl olaraq Danimarka, Əlcəzair və Gürcüstan təmsilçisini məğlub edərək yarımfinala yüksəlib. Təəssüflər olsun ki, cüdoçumuz finala çıxışda rusiyalı Abdullax Parçiyevə uduzub. Bürünc medal uğrunda isə o, Rusiyanın digər təmsilçisi olan İslam Sultiqova qalib gəlib.
İNTİQAM Məmmədov



