"Sabah" çempionluğa doğru daha bir addım atıb
Kişi basketbol klublarının mubarizə apardığı ABL-da "Sabah"la "Neftçi" arasında final seriyası çərçivəsində ikinci oyun keçirilib. Bakı İdman Sarayında baş tutan bu oyunda qələbəyə sevinən yenə də "Sabah" olub. Qeyd edək ki, litvalı mütəxəssis Rimas Kurtinaytesin rəhbərlik etdiyi son ölkə çempionu rəqibini 86:77 (9:19, 26:21, 20:20, 31:17) hesabla məğlub edib. Bu qələbədən sonra "Sabah" ümumi hesabı 2:0-a çatdırmaqla çempionluğa aparan yolda üzərinə düşən işin yarısını görüb.
Matçın ən yaxşı oyunçusu adına isə qalib komandanın üzvü Trevon Dyuval (22 xal) layiq görülüb.
Final seriyasında növbəti oyun mayın 6-da saat 19:00:da Bakı İdman Sarayında keçiriləcək. Mayın 8-də isə eyni vaxtda və eyni məkanda tərəflər arasında dördüncü oyun baş tutacaq.
Reqlamentə görə, dörd qələbə qazanan komanda ölkə çempionu adını qazanacaq.
İNTİQAM Məmmədov


