Masallı Ağsaqqallar Şurasının illik hesabat konfransı
Masallıda Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib.
Mayın 6-da, Ağsaqqallar Evində təşkil olunan konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, şəhid ailələri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin adını daşıyan xatirə parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Konfrans öncəsi Ümummilli Liderimizin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesabat yığıncağını giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev şuranın ötən bir ildəki fəaliyyəti barədə məlumat verib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, mütəmadi olaraq ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir. Rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Rayon rəhbəri bildirib ki, cari il ərzində təşkilat ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib. Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin geniş təbliğini həyata keçirmək olub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi və bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrini və qazilərimizi diqqətdə saxlayır və onların məişət problemlərinin, digər qayğılarının yaxşılaşdırılması üçün tapşırıqlar veriblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov gənclərlə aparılan işlərin daha da artırılmasından danışaraq, bu sahədə, əsasən də rayon ərazisində hərtərəfli maarifləndirici fəaliyyətin vacibliyini qeyd edib. O, vurğulayıb ki, biz ağsaqqallar ölkəmizin ictimai-siyasi həyatında dahada yaxından iştirak etməli, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əlimizdən gələn köməyi göstərməliyik, çünki gənclər bizim gələcəyimizdir. A.Məhərrəmov ölkədə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin apardığı geniş miqyaslı quruculuq-abadlıq işlərindən, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlardan söhbət açıb.
Məruzə ətrafında müzakirələrdə idarə heyətinin üzvü, iki şəhid anası Ziba Əsgərli, şura üzvləri Məmmədəli Əlinağıyev, Eminağa Hüseynov, Əfqan İbrahimov və başqaları çıxış edərək qurumun cari ildəki fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırıblar.


