Yeniyetmə güləşçilərin qitə çempionatı keçiriləcək
9-15 iyun günlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşlılar (U-17) arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatda Azərbaycan hər üç növdə (yunan-Roma, sərbəst və qadın güləşi) olmaqla böyük heyətlə iştirak edəcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ölkəmiz çempionata 27 güləşçi ilə qatılmaqı planlaşdırır ki, bunlardan da 10-u yunan-Roma, 10-u sərbəst, 7-si isə qadın güləşində çıxış edəcək.
Yeri gəlmişkən, yunan-Roma güləşi üzrə komandamiz yarışa böyük məşqçi Taleh İsrafilov, məşqçilər - Nazim Əhmədov, Rasim Ağayev və Elburus Məmmədovun rəhbərliyi altında qatılacaq.
Qızlardan ibarət U-17-yə böyük məşqçi Həsrət Məmmədyarovla Solmaz Adilova, sərbəst güləş üzrə yığma komandaya isə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər - Vahid Məmmədov və Yaşar Əliyev rəhbərlik edəcək.
Daha bir həmyerlimiz - birinci dərəcəli hakim Vüqar Şükürov isə yarışda ölkəmizi ədalət qoruyucuları arasında təmsil edəcək.
Yarışların proqramına gəlincə, görüşlər Bakı vaxtı ilə saat 12:30-da (günüz seansı) və 20:00-da (axşam seansı) başlanacaq.
İNTİQAM Məmmədov


