Bakıda 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi" başlayıb - FOTOREPORTAJ
Bu gün Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə start verilib.
6-cı dəfədir keçirilən sərgidə 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur.
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər öz məhsul və xidmətlərini nümayiş edib.
Sərgidə də KOBİA mikro və kiçik sahibkarlıq subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək göstərib. Bu məqsədlə qurulmuş ayrıca stenddə sənaye, tekstil, qida, xidmət, tikinti, əl işləri, parfümeriya və s. sahələrdə fəaliyyət göstərən 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, sərgi iyunun 21-dək davam edəcək.
Sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçirilir. Builki sərginin tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır (İCMA).
AZpress.AZ, fotomüxbir Mahir Əhmədov


