Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Azərbaycan və Türkiyə dünya siyasətində” adlı beynəlxalq simpozium bölmə iclasları ilə davam edib

Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə AMEA-da “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda keçirilən beynəlxalq simpozium iyunun 21-də də bölmə iclasları ilə öz işini davam etdirib.
Beynəlxalq simpoziumun “Ümumi diplomatiya” adlı bölmə iclası türkiyəli professor Əli Balcının moderatorluğu ilə baş tutub.
Bölmə iclasında Marmara Universitetinin professoru Emel Parlar Dal “Qlobal idarəetmədə orta güclərin status axtarışları strategiyaları: Türkiyə nümunəsində”, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri professor Roida Rzayeva “Rəqəmsal diplomatiya və mədəniyyətin simvolik kapitalı”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk Birliyi ideyasından Türk Dövlətləri Təşkilatına doğru: Tarix və çağdaşlıq” və Marmara Universitetinin professoru Emre Erşen “3+3 Məşvərət çərçivəsində Türkiyənin strateji rolu: Cənubi Qafqazda regional dinamikanın balanslaşdırılması” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə Azərbaycan və Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən elm sahəsində uğurlu inkişafından, iki qardaş dövlətin öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birlərinə dəstək olmasından, Cənubi Qafqazda Azərbaycan-Türkiyə birliyinin müasir geosiyasi şəraitdə əhəmiyyətindən, iki ölkənin xüsusilə rəqəmsal diplomatiya sahəsində yeni və kreativ yanaşmalarla fərqlənməsindən, Azərbaycan-Türkiyə  həmrəyliyinin dünya çapında önəmli faktor olmasından bəhs edilib.
Çıxışlarda bildirilib ki, tarixin müxtəlif dövrlərində yaxınlıq münasibətləri və qurulan əlaqələrin inkişaf dinamikası nəticəsində Azərbaycan və Türkiyə haqqında Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi artıq daha çox istifadə edilməyə başlanılıb. Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.
Simpoziumun “Müqayisəli diplomatiya” adlı bölməsi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Sərxan Xavərinin moderatorluğu ilə aparılıb.
Bu bölmədə Sərxan Xavərinin “Postmodern “Qrand narrativin sonu” anlayışı kontekstində akkulturasiya və türk milli kimliyi”, Fəlsəfə və Sosiologiya İnstitutunun kiçik elmi işçisi, psixologiya üzrə fəlsəfə doktoru Gültəkin İsmayılovanın “Bir millət, iki dövlət” konsepsiyasının ideoloji əsaslarının psixoloji təkamülü”, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun üzvü professor Ali Balcının “Afrikaya aparan yol: Türkiyə, İran və Səudiyyə Ərəbistanı tərəfindən Lider Səviyyəli Diplomatiya, 1990-2024”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynovanın “Erməni terrorizminin azərbaycanlıların psixoloji durumuna təsiri” və həmin institutun əməkdaşı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İradə Zərqanın “Diplomatik əlaqələrdə identifiklik və mədəniyyətin rolu” adlı məruzələri dinlənilib.
Sonra məruzələr üzrə müzakirələr aparılıb. Tarix elmləri doktoru Eynulla Mədətli və başqaları məruzələr ətrafında çıxış ediblər.
Sonda iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb.
Bölmə iclaslarında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri professor Əhməd Nuri Yurdusev, Türkiyənin müxtəlif elmi müəssisə və universitetlərinin nümayəndələri, eləcə də AMEA-nın institut və təşkilatlarının kollektivləri iştirak ediblər.

Best coffeeshop in Berlin