Ağcabədidə “Dövlət qulluqçularının peşə bayramı” qeyd olundu +FOTO=88
Prezident İlham Əliyevin 25 may, 2006-cı il tarixli Sərəncamına əsasən hər il iyun ayının 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılılğı ilə iyunun 23-də “Konstitusiya və Suverenlik İli” ili çərçivəsində tədbir keçirilib.
Öncə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, dövlət qulluğu veteranları, icra hakimiyyəti aparatının şöbə müdirləri, dövlət qulluğunu təmsil edən idarə, müəssisə, təşkilat rəhbərləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.
Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında davam edən tədbirdə də Ümummilli lider Heydər Əliyevin büstü ehtiramla yad olunub, önünə güllər düzülüb.
Açıq havada, çay süfrəsi ətrafında davam edəngörüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, təbrik nitqi ilə çıxış edən icra başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə dövlət qulluqçularını təbrik edib, onlara iş fəaliyyətlərində uğurlar arzu edib. Rafil Hüseynov ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən-günə artmasından danışaraq dövlət qulluğu sahəsində aparılan siyasətdən danışıb. Vurğulanıb ki, ölkəmizin idarəetməsində mühüm aparıcı rola malik olan dövlət qulluqçuları həmişə olduğu kimi bu gün də əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhvələrini verir.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsini müdiri, dini qurumlarla işin təşkilatçısı Ceyhun Mamedov, dövlət qulluğu veteranı Rza Quliyev, Ağcabədi “ASAN XİDMƏT” Mərkəzinin əməkdaşı Mahizər Tağıyeva, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyası və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülfət Xonaşınlı çıxışlar edərək qeyd ediblər ki, hər bir dövlət qulluqçusunun uğuru ümumilkdə dövlətimizin uğurudur. Dövlət qulluqçusu işə qəbul olunarkən içdiyi dövlət qulluqçusu andına sadiq qalmalı, Azərbaycan dövlətinin onun qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirməlidir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiaz deyil, əksinə böyük məsuliyyətdir, insanlara xidmət etmək imkanıdır. Tutduğu vəzifənin əhəmiyyətindən asılı olmayaraq dövlət qulluqçuları həmişə xatırlamalı və bilməlidir ki, o xalqın xidmətçisidir. İnsanlara xidmət, onların qayğıları ilə yaşamaq dövlət qulluqçusunun əsas vəzifəsidir.
Sonda iş fəaliyyətində fəqrlənən bir qrup dövlət qulluqçusu Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunublar. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Ağcabədi rayon Komitəsi tərəfindən də işlərində fəal olan bir qrup dövlət qulluqçularına da hədiyyələr tədqim olunub.
Təbriklərə qoşulur, peşə bayramınız münasibətilə sizləri təbrik edirik, əziz dövlət qulluqçuları!
Mais İbrahimov


