Azərbaycanın gənc cüdoçuları AK-da 9 medal qazanıblar
Almaniyanın paytaxtı Berlində gənc cüdoçular arasında keçirilən Avropa Kuboku Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, turnirə 7 çəkidə 17 idmançı ilə qatılan Azərbaycan yığması çıxışını 9 (1-4-4) medalla başa vuraraq, oqlanlar arasında birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub. Qazanılan medallara gəlincə, yeganə qızıl medalın sahibi bütün görüşlərini qələbə ilə başa vuran Tuncay Şamil (90 kq) olub. Maraqlıdır ki, o, Berlində bu çəkidə baş tutan Azərbaycan finalında öz komanda yoldaşı Aslan Kotsayevi məğlub edib. Qeyd edək ki, digər gümüşləri yalnız həlledici finalda büdrəyən Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq) və Əbil Yusubov (73 kq) qazanıb. Çıxışını üçüncü yerdə başa vuran Nizamı İmranov (66 kq), Mehdi Cəfərov (73 kq), Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov


