26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107- ci il dönümü Ağcabədidə təntənəli şəkildə qeyd olundu +FOTO=59
İyunun 26-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində “26 İyun – Silahlı Qüvvələr Günü” münasibətilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti aparatının məsul şəxsləri, hərbi hissənin komandiri, zabit və əsgər heyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, onların övladlarıiştirak ediblər.
Azpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, öncə hərbi hissə komandiri şəxsi heyət salamlayıb. Bundan sonra Ulu öndər Heydər Əliyevin, həmçinin Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirinin, Raket və Artilleriya Qoşunları Komandanının, həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorunun təbrik məktubları şəxsi heyətin diqqətinə çatdırılıb.
Bayram tədbirində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “26 İyun – Silahlı Qüvvələr Günü” münasibətilə şəxsi heyəti təbrik edib, onlara məsuliyyətli işlərində uğurlar arzulayıb. Rayon rəhbəri çıxışında qeyd edib ki, Vətən müharibəsi zamanı bu hərbi hissə düşmənə dəqiq və ağır zərbələr vurmaqla yanaşı doğma Ağcabədinin, eləcə də ətraf rayonların səmasını da ayıq-sayıq şəkildə qoruyub. Qazanılan Zəfərdə məhz bu hərbi hissənin misilsiz xidmətləri vardır. Ümumilikdə isə Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan əsgəri hərb meydanında böyük Qələbəyə, böyük Zəfərə imza atmağı bacaran dünyanın ən cəsur əsgəridir.
Vətən müharibəsi şəhidi Mahir Cəfərovun qız övladı Ceyran Cəfərova dahərbçilərimizi təbrik edib, onlar üçün şeir səsləndirib. Daha sonra hərbi hissə komandirinin bayram təbriki şəxsi heyətə çatdırılıb.
Əlamətdar gün münasibətilə xidməti işlərində nümunəvi xidmətə görə bir qrup zabit, gizir və çavuşlar Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunublar. Bununla bərabər Vətən qarşısında qüsursuz xidmətlərinə görə bir qrup zabitlər, gizirlər və çavuşlar yeni hərbi rütbələrlə təltif olunublar. Həmçinin xidməti işlərində fərqlənən hərbçilərə nümunəvi məzuniyyət günləri verilib, bəzilərinin evlərinə isə“Təşəkkürnamə”lər göndərilib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra şəxsi heyətin təntənəli marşla keçidi olub. Təntənəli keçid bitdikdən sonra ilə əsgərlərimizin gündəlik qida-ərzaq, eləcə də geyimlərdən ibarət sərgilərinə baxış keçirilib.
Bundan sonra tədbir çay süfrəsi ətarında davam edib. Burada şəhid övladlarının iştirakı ilə bayram münasibətilə hazırlanmış tort kəsilib, uşaqlara bayram hədiyyələri verilib. Eyni zamanda Vətən müharibəsi zamanı hərbi hissənin şərəfli və qürurverici döyüş fəaliyyətini əks etdirən film nümayiş olunub.
Qürur günümüz olan Silahlı Qvvələr Günü münasibətilə Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı şən əhval-ruhiyyəli konsert proqramı hərbi hissədə əsl bayram ovqatı yaradıb. Oxunan mahnılar, nümayiş olunan rəqs nümunələri tədbirə ayrıca gözəllik və rəng qatıb. Azərbaycan əsgəri öz haqqı olan qürur gününü oynayaraq, rəqs edərək qeyd edib.
Hər günün belə olsun, Azərbaycan Əsgəri!Quluna qüvvət, Dəmir Yumruq – Günün mübarək!
Mais Amin


