Basketbolçu qızlardan ibarət U-18 millimiz AÇ-da Danimarka ilə üzləşəcək
Litvada 18 yaşlı basketbolçu qızlar arasında keçirilən və Azərbaycan yığmasının da qatıldığı Avropa oyunlarının B dvizionunda qrup oyunları başa çatıb. Çempionatın C qrupunda yer alan Azərbaycan millisi son matçını Kosovoya qarşı keçirib. Oyun millimizin qələbəsi ilə bitib - 62:54.
Bu, yığmamızın yer aldığı qrupda üçüncü qələbəsi olub. Xatırladaq ki, startda Bosniya və Herseqovina (83:81) üzərində qələbə qazanan milimiz ardından Ukrayna (65:78) və Litvaya (31:82) məğlub olub. Dördüncü turda isə millimiz İslandiyanı üstələyib - 86:79.
Beləliklə, qrupda beş oyunda qazandığı 3 qələbə sayəsində 9 xal toplayan Azərbaycan komandası qrup mərhələsini üçüncü pillədə bitirməklə 9-16-ci yerlər uğrunda mübarizə aparmaq imkanı əldə edib. İyulun 11-də millimiz Danimarka komandası ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov


