Məmməd Əvəzoğlu:
Ay mənim məzarım
Əlimə düşəni yığmırdım mən də,
Bu boyda cahana sığmırdım mən də,
Amma orbitimdən çıxmırdım mən də,
Dedilər: Çıxma ha! Yolu azarsan!
Ay mənim məzarım, nə yaman darsan!
Bir zaman özüm də düşmüşəm tora,
Bəlkə də günahım sığışmaz gora,
Dərdimin hansını gətirim ora?
Məni eşitmirsən? Lalsan, ya karsan?
Ay mənim məzarım, nə yaman darsan!
Başımı əymədim yoldan ötənə,
Bir azca qulluğum olub Vətənə,
Bu boyda dünyadan bu düşür mənə?!
Soruşan olmayıb, bura sığarsan?
Ay mənim məzarım, nə yaman darsan!
Cəfalı həyatdan doyaram mən də,
Bəlkə də rahatlıq duyaram mən də,
Həvəslə başımı qoyaram mən də,
Sağından, solundan bir az qoparsan,
Ay mənim məzarım, nə yaman darsan!
Dünyanın gözünün yaşını silsəm,
Dərd adlı bəlanı apara bilsəm,
Bəxtəvər ölkədə bəxtəvər ölsəm!
Bax, onda deyərəm, yaxşı ki varsan!
Demərəm, məzarım, nə yaman darsan.
Məmməd Əvəzoğlu.28.06.2025.


