Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Rəşad Məcid: Şahmar Əkbərzadənin “Laçın dağlarına məktub” şeirindən bir necə bəndi məzarı başında səsləndirdim...

Bugün Xırdalan qəbiristanlığında doğmaların məzarını ziyarət edərkən
gözəl və unudulmaz şairimiz Şahmar Əkbərzadənin məzarına rast gəldim. Ruhuna dua oxudum, yaradıcılığını xatırladım, şairin məşhur “Laçın dağlarına məktub” şeirindən bir neçə bəndi məzarı başında səsləndirdim.
Ruhu şad olsun!

Laçın dağlarına məktub.                                
Şəlvəli Şahverdi dədəyə

Laçından tərpəndim söküləndə dan
Titrədim keçəndə İlan qayadan
Kəsdi bənd bərəni Talış vurulan
Heyrət muzeyidir dağlarım mənim.

Çalbayır, Uzunyal, Çilgəz, Muxtökən
Sizi gözlərimdən oğurladı çən
Elə zənn elədi bədnəzərəm mən
Tutuldu qarşımda yollarım mənim.

İmanlar yurdunda gəldim imana
Hacıxanlı, Qovuşuq qonağa ana
Deyirəm ya qismət birdə o yana
Görən düşəcəkmi güzarım mənim.

Qorqud yadigarı Şahverdi dədə
Sözlə əfsunlayıb məni o vədə
Perikmiş bülbüləm qalıb Şəlvədə
Şehli gülüm mənim gülzarım mənim.

Behiştdən gözəlmiş Cəhənnəmdərə
Cənnət deyəydilər gərək o yerə
Nərdivan dağıyla qalxdım göylərə
Dünyaya sığmadı vüqarım mənim.

Yadımdan çıxarmı o çörək, o duz
Ellər səxavətli, çeşmələr bumbuz
Baş yurda baxaram yüz il ac susuz
Tükənməz səbirim qərarım mənim.

Toyuq töküləndən ehmallı keçdim
Qantəpər çinlədim, qırxbuğum biçdim
Sütül baldırğanla, qaynar süd içdim
Dağlarda dağlandı dağlarım mənim.

Çiçəklər loğmanı Raziyə nənə
Çəməni çəmənə qatıbmı yenə
Çilədağ kəkotu yığıbmı mənə
Dururmu çaşırım lilparım mənim              

Mən Leyli demişdim Laçın güneyə
Vəfasız bilməsin gəlmirəm deyə
Ürəyim o gündən dönüb kəkliyə
Başlayıb Məcnunluq çağlarım mənim.

Xeyli var həsrətəm Qəbirliyala
Ölməyə nə var ki, belə yer ola
Qorxdum ölüb qalam anam hay sala
Car çəkə: hardadır Şahmarım mənim                  
1972

Best coffeeshop in Berlin