“Dünyanın xalqları poeziyası” adlı musiqili-ədəbi axşam keçirilib
18 iyul tarixində Nine Senses Art Center adlı art-məkanında «Dünyanın xalqları poeziyası» adlı musiqili-ədəbi axşam keçirilib.
AZpress.AZ xəbər veri ki, tədbir, söz sənəti vasitəsilə xalqlar arasında dialoqu gücləndirmək və beynəlxalq mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədi daşıyan Modern Poems Ədəbi Layihəsi tərəfindən təşkil olunub.
Axşamı layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazıçılar Təşkilatı WOW-un üzvü Lala Həsənova təntənəli şəkildə açaraq aparıb. O, tədbirin yüksək səviyyədə təşkilinə və mədəni təşəbbüslərə göstərdiyi dəstəyə görə art-mərkəzin direktoru Natalya Jukovaya səmimi təşəkkürünü bildirib.
Layihə rəhbəri Lala Həsənovanın sözlərinə görə, tədbirin əsas məqsədi poeziya vasitəsilə müxtəlif mədəniyyətləri, dilləri və yaradıcı ənənələri bir araya gətirmək idi. Səhnədən azərbaycan, ingilis, ispan, italyan, ivrit, ərəb, türk, polyak, fransız, alman, rus və çin dillərində şeirlər səsləndirilib. Bu, yalnız poeziya sənətinin bayramı deyil, həm də sözün sərhədləri necə aradan qaldıra bildiyini və insanları necə yaxınlaşdırdığını əyani şəkildə göstərib.
Modern Poems layihəsinin iştirakçıları — Lala Həsənova, Türkan Bayramzadə, Altay Ələkbərov, Amina Əruslu, Günatay Hüseynova, Zəhrə Mənafəva, Ləman Həsənova, Məryəm Abbasova, Ruzi Abdulla, Samirə Şıxıyeva, Emil Hüseynov çıxış ediblər.
Eyni zamanda dəvət olunmuş qonaqlar — müəllimlər və şairlər də səhnədə çıxış ediblər: tarixçi Rüstəm Hüseynov, ərəb dili mütəxəssisi və tərcüməçi Əli Əlizadə, ispan dili müəllimi Günay Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aypəra Ayxanlı, “Cult Baku Club”un rəhbəri Nazrin Mirzəyeva.
Bu gün Modern Poems layihəsi beynəlxalq səviyyəyə çıxaraq müasir Azərbaycan poeziyasını ölkə hüdudlarından kənarda da oxuculara və dinləyicilərə tanıdır. Layihənin çoxdilli formatı və mədəniyyətlərarası yanaşması onu fərqli mədəniyyətlərin bir araya gəldiyi, azərbaycanlı müəlliflərin əsərlərinin dünyanın müxtəlif guşələrində rəğbətlə qarşılandığı bir platformaya çevirir.
Tədbirin qonaqları arasında müəllimlər, musiqiçilər, yazıçılar, şairlər, yaradıcı ziyalılar və mədəniyyət nümayəndələri yer alıb. Bu da tədbirə ilhamverici, peşəkar ünsiyyət və dostcasına mühit qazandırıb. Gecənin qonaqları arasında Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri, professor, doktor Tareq Məhəmməd, yazıçı Elçin Əsədov və digərləri olub.


