“Qərbi Azərbaycan İrsi" kitabının I cildinin təqdimat mərasimi bu dəfə Ağcabədidə olub +FOTO=28
İyulun 24-də Ağcabədidə “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı olub.
Öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb.SonraYAP Ağcabədi Rayon təşkilatında Qərbi Azərbaycan mövzusuna həsr olunmuş sərgiyə baxış keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbiri açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasından olan videoçarx nümayiş etdirilib.Videoçarxda kitab haqqında ətraflı məlumat verilib, bildirilib ki, tədqiqatların aparılması üçün bir sıra ölkələrin kitabxanalarında saxlanılan XIX-XX əsrlərə aid hərbi-topoqrafik xəritələrdən, peyk təsvirlərindən istifadə edilib və müasir metodoloji təhlillərlə ərazidə mövcud olan qəbiristanlıqların monitorinqi həyata keçirilib.
Bundan sonra çıxışlara başlanılıb. Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri,tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov,rayon şahmat məktəbinin direktoru, Qərbi Azərbaycan əsilli Rauf Musayev,Hacıbədəlli kənd sakini, Dovlət Sosial Müdafiə Fondunun Tərtər Rayon Qəbul Şöbəsinin aparıcı mütəxəssisi,Qərbi Azərbaycan əsilli Kamilə Zamanlı çıxış edərək, nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə fikirlərini bildiriblər. Çıxışçıların əksəriyyətinin ata-babalarının məhz Qərbi Azərbaycandan olması həm də onların böyüklərdən eşitdikləri bir çox həssas xatirələrin səslənməsinə səbəb olub. Bu çıxışların hər birində ağrılı, kövrək məqamlara toxunulub və hazırda təqdimatı keçirilən kitabın məhz bu kimi faktların araşdırılmasında, tariximizin sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edilməsində, bu faktların gələcək nəsillərə, dünyaya çatdırılmasında böyük rol oynayacağı vurğulanıb.
Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.
Mais Amin


