Sərbəst güləş üzrə U-17-miz DÇ-da dördüncü olub
Yunanıstanın paytaxtı Afinada 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi dünya çempionatına sərbəst güləşçilərin çıxışı ilə yekun vurulub. Çempionatın sayca 7-ci olan son günü 4 təmsilçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılıb. Onlardan yalnız ikisi - Həsən Həsənov (60 kq) və Səid Paşayev (92 kq) daha uğurla çıxış edərək bürünc medal qazanıb. Həsənov bürünc medal uğrunda kiçik finalda kanadalı Natan Naşa 5:4, Səid Paşayev isə qazaxistanli Beibaris Yerqaliyə 5:3 hesabla qalib gəlib.
Xatırladaq ki, çempionatın 6-ci günündə isə Hüseyn İsmayılov (65 kq) qızıl, Hakim Tağıyevsə (110 kq) bürünc medal qazanıb.
Bununla da Azərbaycanın sərbəst güləş üzrə U-17 millisi 4 (1-0-0) medal və 90 xalla komanda hesabında ABŞ (154 xal), İran (150 xal) və Qazaxıstan (91 xal) komandasından sonra dördüncü yeri tutub.
Yeri gəlmişkən, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması isə bir dəst (1-1-1) medalla Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.
İNTİQAM Məmmədov


