Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fəal oxucu, şair Xuraman Muradova  Şimali Kiprdə “Türk Dünyası Lefkoşa Şeir Axşamlarında” Azərbaycanı təmsil edib

2025-ci il 1-4 avqust tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada keçirilən “Türk Dünyası Lefkoşa Şeir Axşamları” adlı Beynəlxalq ədəbi festival, ədəbiyyat və poeziya dünyasında əlamətdar hadisə kimi yadda qaldı. Şimali Kipr Türk Cümhuriyyətinin Cumhurbaşqanlığı Sarayında təşkil olunan mötəbər tədbir dövlətin ədəbiyyata və mədəniyyətə verdiyi yüksək dəyərin rəmzinə çevrildi.
Türk dünyasının müxtəlif ölkələrindən festivala qatılan tanınmış şair və yazarlar ortaq dilin, tarixin, mədəniyyətin poeziya dili ilə səhnəyə daşınmasına töhfə verdilər. Səsləndirilən şeirlər, müzakirə olunan mövzular, ədəbi düşüncələr Türk xalqları arasında mədəni körpülərin daha da möhkəmlənməsinə xidmət etdi.
Azərbaycan, Türkiyə, Özbəkistan yazıçılar birliklərinin Fəxri üzvü, vətənpərvər şair, böyük kitabsevər Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin Fəxri professoru, qazilərin, şəhid ailələrinin hər zaman yanında, onlara böyük maddi və mənəvi dəstək olan xeyir əməllər sahibi, Turan sevdalı ədəbiyyat fədaisi Xuraman Muradova bu möhtəşəm platformada böyük qürurla Azərbaycanı təmsil edib. Çıxışında “Bir millət – üç dövlət” məfkurəsinə toxunan Xuraman Muradovanın festival çərçivəsində söylədiyi şeirlərdə də Türk dünyasının mənəvi birlik ruhu öz bədii əksini tapıb.
Festivalın yaddaqalan məqamlarından biri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın  iştirak etməsi olub. Ersin Tatar tədbirdə şairləri  səmimiyyətlə salamlayıb, festivaldakı çıxışları dinlənildikdən sonra seçilən ədəbiyyat nümayəndələrinə dövlət mükafatları təqdim edib. Ersin Tatarın bu jesti ədəbiyyata və sənətə verilən ali dəyərin rəmzi kimi rəğbətlə qarşılanıb. Vurğulanıb ki, bu cür beynəlxalq tədbirlər Türk dünyasının mənəvi birliyinin güclənməsi, ortaq mədəni sərvətlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Söz və sənətin qovuşuğunda belə ədəbi festivallar  – coğrafi hüdudlara sığmayan, sərhədləri aşan birliyin və qardaşlığın təntənəsidir.

Best coffeeshop in Berlin