Bakıda törədilmiş dəhşətli qətlin TƏFƏRRÜATI - İsgəndərin payızda toyu olacaqmış
Bakıda 34 yaşlı kişinin qətli ilə bağlı təfərrüat məlum olub.
AZpress.AZ Xəzər TV-yə istinadən məlumat verir ki, qonşuların sözlərinə görə, əslən Tərtərdən olan İsgəndər Əliyev paytaxtdakı tikinti şirkətlərindən birində iş icraçısı kimi çalışıb. O, payızda toy etməyə hazırlaşırmış.
Qonşular bildiriblər ki, hadisə baş verən gecə ev sahibi özü də evdə olub. İsgəndər Əliyev və yoldaşları kirayə qaldıqları evin birinci mərtəbəsində, ev sahibi isə 3-cü mərtəbədə yaşayır. Hadisənin tamah məqsədi ilə törədildiyi iddia edilir.
Məlumata görə, hadisəni törədənlər mərhumun ölümünü 3 gün gizlədə biliblər. Lakin ailə üzvləri İsgəndərlə danışa bilmədiyi üçün onun Bakıda kirayə yaşadığı mənzilə gəliblər. Qətlin üstü də bundan sonra açılıb.
Ətraflı süjetdə:
11 avqust, 13:37
Avqustun 8-də paytaxtın Tərtər rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.
Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq aparılır.
11 avqust, 11:48
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Avqustun 3-də Ağsu rayon sakini, 1977-ci il təvəllüdlü Fazil Feyzullayev Nəsimi rayonunda kirayədə birgə yaşadığı, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyevlə mübahisə edib. Mübahisə ailə söyüşünə görə olub. İ.Əliyev mübahisə zamanı F.Feyzullayevi söyüb. Nəticədə F.Feyzullayev otaq yoldaşını yatdığı yerdə qətlə yetirib. Daha sonra o, meyiti hissələrə bölüb sellofan torbalara yığaraq, gizlədib.
Hadisədən bir neçə gün sonra isə o, meyiti avtomobillə Ağsu dolaylarına gətirib. Meyitin iki torbasını Ağsu dolaylarından dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət hadisəsinin üstü açılıb və F.Feyzullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Samir Əli
https://youtu.be/k5wJVd129_k


