"Sabah" evdə, "Araz-Naxçıvan"sa səfərdə oynayacaqdır
Azərbaycanın iki klubla təmsil olunduğu futbol üzrə UEFA Konfrans Liqasında bu gün üçüncü təsnifat mərhələnin cavab oyunları keçiriləcək. Təmsilçilərimizdən biri - "Sabah" klubu cavab matçını doqma divalar arasında, digər təmsilçimiz - "Araz-Naxçıvan" isə səfərdə keçirəcək.
Qeyd edək ki, səfərdə keçirdiyi ilk oyunda minimal hesabla (1:0) uduzan "Sabah" klubu bu gün saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da Bolqarıstanın "Levski"sini qəbul edəcək. Maraqlıdır ki, matçın taleyi bolqarıstanlı referi Nikolay Balakin və onun laysman həmyerlilərinə həvalə edilib. "Sabah"ın ilk oyunun 90+8-ci dəqiqəsində qol buraxdığını nəzərə alsaq, cavab matçında qalib gələcəyinə ümid etmək olar.
Sözügedən turnirdə iştirak edən və bir həftə öncə evdə keçirdiyi ilk oyunda darmadağın hesablı (0:4) məğlubiyyətlə üzləşən digər təmsilçimiz - "Araz-Naxçıvan" isə Kiprdə yerli "Omoniya"nın qonağı olacaq. Nikosiya şəhərindəki "QSP" stadionunda keçiriləcək matçın (saat 21:00) taleyi hollandiyalı hakim Yakob Kexletə həvalə edilib.
İNTİQAM Məmmədov


