"Qarabağ" Budapeştdə "Ferentsvaroş"un qonağı olacaq
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edən ölkə çempionu "Qarabağ" Macarıstanın paytaxtı Budapeştdə yerli və köhnə rəqiblərindən biri olan "Ferentsvaroş" klubu ilə qarşılaşacaq. Görüş saat 23:00-da "Qroupama Arena"da başlanacaq. Matçın taleyi Portuqaliyadan olan referi Joau Pineyruya həvalə edilib. Cavab oyunu isə avqustun 27-də Bakıda keçiriləcək.
Yeri gəlmişkən, rəqiblər ilk dəfə 2022-ci ildə Çempionlar Liqasınin üçüncü təsnifat mərhələsində qarşılaşıb. Evdə rəqiblə sülh (1:1) başlayan çempionumuz səfərdə isə rəqibini üstələyərək (3:1) pley-offa adlayıb. Bu dəfə isə köhnə rəqiblər pley-offda qarşılaşır.
İNTİQAM Məmmədov


