Güləşçimiz Ruzanna Məmmədova dünya ikincidir
Bolqarıstanın Samokov şəhərində 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi dünya çempionatı davam edir. Mundialın beşinci günü daha bir təmsilçimiz uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət 62 kq çəki dərəcəsində döşək üzərinə çıxan xanım güləşçimiz Ruzanna Məmmədovadan gedir. Dünən finala yüksələn Ruzanna bu gün həlledici finalda Çin təmsilçisi ilə qarşılaşıb. Təəssüflər olsun ki, güləşçimiz bu görüşdə istəyinə çata bilməyib. AGF-dən verilən məlumata görə, ilk hissədə rəqibini 6:0 hesabla üstələyən Ruzanna ikinci hissədə rəqibinə eyni sayda xal qazanmaq imkanı verib -6:6. Belədə isə rəqib son xal prinsipi əsasında qalib gəlib. Güləşimiz Məmmədova isə ikinci olmaqla gümüş medalla kifayətlənib.
Bundan sonra, Azərbaycan yığmasının aktivindəki xalların sayi 5-ə (0-1-4) çatıb.
İNTİQAM Məmmədov


