Əlisa Qəmgin:
BU DAĞLAR
İnsan oğlu qovhaqova düşsə də,
Öz əhdinə sadiq qalır bu dağlar.
Ucaldıqca ucalığın önündə
İlahiyə səcdə qılır bu dağlar.
Asta-asta dolaşdıqca vətəni
Saf havası məst edəcək hey səni
Hüzuruna xoş məramla gələni
Xoş ovqatla yola salır bu dağlar.
Həm həkimdir, həm təbibdir, həm loğman
Belə yazıb ta əzəldən bəxt yazan
Baş ağrısa, can ağrısa -- hər zaman
Bədənindən ağrın alır bu dağlar.
Dad üstündən dad gətirir aşına
Fikir verməz gələnlərin yaşına
Baş qoydun ki, torpağına, daşına
Həzin-həzin layla çalır bu dağlar.
Gözəlliklər verib burda baş-başa
Göz gərəkdir edə ona tamaşa
Ərənləri yollananda savaşa
Dayaq olur, arxa olur bu dağlar.
Bu dağlarım namərdlərdən bac alır
Bac aldıqca qətrə-qətrə ucalır
Kim deyər ki, dağlarımız qocalır
Qəmgin kimi yaşa dolur bu dağlar.
ƏLİSA QƏMGİN
04.05.2021


