Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəybala Mirzəyev:

 Ağılsız açıqlamaya ağıllı cavab...

İsrailin baş naziri Benyamin Netanyahunun heç kimin gözləmədiyi halda, guya, 110 il əvvəl baş verdiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan etməsinin Ermənistandakı radikal millətçiləri və xaricdəki erməni lobbisini necə dərindən məmnun etdiyini ötən yazımda qeyd etmişdim.

Lakin önəmli olan daşnakların və lobbinin yox, məhz hazırda Ermənistanı idarə edən Nikol Paşinyanın bu bəyanata necə reaksiya verməsidir. Paşinyanın cavab reaksiyası isə özünü çox gözlətmədi.

Erməni baş nazir israilli həmkarı B.Netanyahunun təxribatçı bəyanatına kifayət qədər sərt təpki verdi və onun bu addımını pislədi. Bunu Netanyahunun ağılsız açıqlamasına Paşinyanın ağıllı cavabı kimi də qiymətləndirmək olar.

Belə ki, Nikol Paşinyan avqustun 28-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində bildirib ki, "Netanyahunun bəyanatının nə Ermənistan Respublikasının, nə də erməni xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur”.

Netanyahunun bəyanatının sadəcə onun özünün şəxsi siyasi maraqlarına xidmət etdiyini və "soyqırım" məsələsindən siyasi "kozır" kimi istifadə edildiyini hiss edən N.Paşinyan sözügedən bəyanatın Ermənistana heç nə verməyəcəyini bildirib.

Paşinyandan sitat:

"Ümumiyyətlə, başa düşməliyik ki, biz “erməni soyqırımı”nın tanınması və ya tanınmamasının dövlətimizin və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayanların əlində geosiyasi alver predmetinə çevrilməsini istəyirikmi? İstəyirikmi ki, soyqırımın tanınması məsələsi kiminsə müsahibəsindəki təsadüf nəticəsində nəyinsə ifadəsi olsun? Bizə öz dövlət maraqlarımızın ətrafında birləşmək lazımdır. Nə qədər ölkə erməni soyqırımını tanıyıb. Ermənistan bundan nə qazandı, biz bundan nə qazandıq?”...

Göründüyü kimi Paşinyan indiki həssas məqamda “soyqırım” məsələsinin qabardılmasının ermənilərin maraqlarına xidmət etmədiyini aydın şəkildə başa düşür. Çünki o ayıq adamdır, realist siyasətçidir. Və dərk edir ki, indiki məqamda qondarma "soyqırımı"nın istənilən bir dövlət tərəfindən tanınması Ermənistanın maraqlarına ağır zərbə vuracaq.

Bu baxımdan, Azərbaycan-Ermənistan sülh prosesinin yekunlaşmağa doğru getdiyi və Türkiyə-Ermənistan normallaşmasının davam etdiyi bir vaxtda qondarma “erməni soyqırımı” məsələsinin Netanyahu tərəfindən ortaya atılması həm düşünülməmiş addımdır, həm də böyük səhvdir, təxribatdır.

Çünki Netanyahu Almaniyanın “Bild” qəzetinin də yazdığı kimi qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan etməklə sadəcə Ərdoğandan qisas almır. Bu bəyanat, həmçinin bütün regionu qarışdırmağa və normallaşma prosesini dayandırmağa xidmət edir.

P.S.

Netanyahu öz siyasi hakimiyyətinin ömrünü uzatmaq üçün bu cür ehtiyatsız, düşünülməmiş açıqlamaların riskli olduğunu dərk etməlidir. Ermənilərdən artıq erməniçilik etmək ona heçnə qazandırmayacaq. Türkiyə-İsrail münasibətləri Netanyahu kimi çılğın bir siyasətçinin güdazına getməməlidir. Netanyahu unutmamalıdır ki, 1949-cu ildə məhz Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman dövləti olub. Yaxşılığın əvəzini bu cür qaytarmırlar.

Best coffeeshop in Berlin