Azərbaycan güləşçiləri Universiadada güclərini nümayiş etdirəcəklər
Sentyabrın 4-də Qırğızıstanın Yolpan-Ata şəhərində 17-25 yaş arası olan tələbələr arasında Türkdilli Dövlətlərin Universiadasi başlayacaq. Sayca üçüncü olan bu universiadanın proqramına güləş (sərbəst və yunan-Roma), voleybol, stolüstü tennis, futzal, cüdo və şahmat idman növü daxildir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, güləş yarışları Olimpiya çəkiləri üzrə olmaqla, 6-7 sentyabr günlərində keçiriləcək. Reqlamentə görə sentyabrın 6-da sərbəst güləşçilərdən çəkisi 57, 74 və 97 kq, yunan-Romacilardan isə çəkisi 60, 77 və 97 kq olan güləşçilər döşək üzərinə çıxacaq. Qalıb və mükafatçılar elə həmin gündə də müəyyənləşəcək. Ertəsi gün isə qalan çəkilərdə qalıb və mükafatçılar bəlli olacaq.
Komandalarımızın heyətinə gəlincə, böyük məşqçi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında yarisa qatılacaq sərbəst güləş komandasının heyətində Vasif Baqirov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heydətov (74 kq), Əşrəf Aşırov (86 kq), İslam İlyasov (97 kq) və Yusif Dursunov (125 kq) yer alıb.
Məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında sözügedən yarışa qatılacaq yunan-Roma güləşi üzrə yığma komandanın heyətinə Vədat Qasımlı (60 kq), Roman Kərimov (67 kq), Cavad Məmmədov (77 kq), Orxan Hacıyev (87 kq), Əli Quliyev (97 kq) və Məzaim Mərdanov (130 kq) cəlb edilib.
İNTİQAM Məmmədov


