Ağcabədidə “Ulu Öndərə mənəvi borcum” kitabının təqdimat mərasimi keçirilib +FOTO=33
Sentyabrın 4-də Ağcabədi Bayraq Muzeyində Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın müəllifi olduğu “Ulu Öndərə mənəvi borcum” adlı kitabın təqdimat mərasimi keçirilib. “Konstitusiya və Suverenlik ili”çərçivəsində keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunub.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirin aparıcısı, "Mirvarid Dilbazi Poeziya Evi" İctimai Birliyinin sədri Güllü Alıyeva açılış nitqi ilə çıxış etdikdən sonra Ulu öndər Heydər Əliyevin və vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardıyca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər - Ağcabədi RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Rayon Ağsaqqallar Şurasının sədr müavini Tariyel Əsədov, "Aran yolu" qəzetinin baş redaktoru, "Tərəqqi" medallı jurnalist Məhsəti Musa və digərləri Tərlan Musayevanın həyat və fəaliyyət yoluna toxunaraq, onun həm müəllif, həm də ictimai xadim kimi cəmiyyətə verdiyi töhfələri vurğulayıblar. Memuar janrında qələmə alınan kitab müəllifin Ulu Öndərə olan dərin ehtiramının və mənəvi bağlılığının ifadəsi kimi dəyərləndirilib.
Tədbir çərçivəsində qeyd olunub ki, kitab "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin dəstəyi ilə nəşr olunub və bu nəşr Ulu Öndərin irsinin təbliğində əhəmiyyətli rola malikdir.
Qeyd edək ki, tədbirdə şəhid ailələri də iştirak ediblər. Onlar dəvətə görə minnətdarlıqlarını bildirib və Tərlan Musayevanı 70 illik yubileyi münasibətilə təbrik edərək öz xoş arzularını bildiriblər. Şəhid valideynləri həmçinin yaradıcı insanları şəhidlərimizi unutmamağa, onlar haqqında bədii əsərlər yaratmağa, gələcək nəsillərə çatdırmağa çağırıblar.
Tədbirin sonunda Tərlan Musayeva çıxış edib. O, Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini danışıb, hər zaman onun atalıq qayğısını öz üzərində hiss etdiyini bildirib.
Qeyd edək ki, tədbirdə Tərlan Musayevaya həsr olunmuş mahnılar da səsləndirilib, videoçarx vasitəsilə onun ömür yoluna nəzər salınıb.
Mais Amin


