Millimiz mundialda ələnə-ələnə gedir
Sentyabrın 4-də İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında startı verilən və Azərbaycan millisinin də qatıldığı dünya çempionatı davam edir. Qeyd edək ki, çempionata biri qadın olmaqla 11 boksçu ilə qatılan Azərbaycan yığmasının üzvlərindən 7-si artıq ilk döyüşünü keçirib. Bunlardan isə yalnız üçü - Zaur Qəhrəmanov (65 kq), Səidcəmşid Cəfərov (75 kq) və Sübhan Mamedov (50 kq) döyüşünü qələbə ilə bitirərək, mərhələ aşmağı bacarıb. Birinci 1/16 finala, digər ikisi isə 1/8-ə yüksəlib.
Təəssüflər olsun ki, yığmanin liderlərindən biri olan Məhəmməd Abdullayev (+90 kq), eləcə də Sürət Qarayev (85 kq), Sərxan Əliyev (70 kq) və mundiala qatılan yeganə qadın təmsilçimiz Aynur Mikayılova (57 kq) start döyüşündəcə məğlub olaraq çempionatla erkən vidalaşıb.
Sentyabrın 6-da boksçularimizdan Məhəmmədəli Qasımzadə (60 kq), ertəsi gün Nicat Hüseynovla (55 kq) Murad Allahverdiyev (80 kq) 1/16 finaldan mübarizəyə qatılacaq.
Sentyabrın 8-də isə yiqmamizin gerçək lideri, Olimpiya mükafatçısı Alfonso Domunqes (90 kq) mübarizəyə 1/8 finaldan başlamaqla ilk döyüşünə çıxacaq.
Yeri gəlmişkən, çempionatda 68 ölkədən 329 kişi və 225 qadın boksçu mübarizəyə qatılıb.
Yarışlara 14 sentyabrda həlledici final döyüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov


