Səidcəmşid Cəfərov da mundialın 1/4 finalına yüksəlib
İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatı davam edir. Sentyabrın 4-də startı verilən və Azərbaycan yığmasının 11 boksçu ilə qatıldığı mundialın 5-ci günü daha bir boksçumuz 1/8 finalı qələbə ilə başa vuraraq adını 1/4-ə yazdırıb. Söhbət 75 kq çəkidə rinqə çıxan Səidcəmşid Cəfərovdan gedir. O, 1/8-də yaponiyalı Dayqo Sınaqa üzərində inamlı qələbə qazanıb - 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27).
Bununla da dünya çempionumuz Alfonso Dominqesdən (90 kq) sonra Səidcəmşid Cəfərov 1/4 finala yüksələn ikinci boksçumuz olub. Cəfərov növbəti mərhələdə ukraynalı Pavla İlliyişa ilə üzləşəcək.
Daha üç boksçumuz - Nicat Hüseynov (55 kq), Murad Allahverdiyev (80 kq) və Sübhan Məmmədov (50 kq) mundialda 1/8 final döyüşünə çıxacaq.
Təəssüflər olsun ki, yiqmamizin 6 üzvü - Sərxan Əliyev (75 kq), Zaur Qəhrəmanov (65 kq), Məhəmmədəlı Qasımzadə (60 kq), Surət Qarayev (85 kq), Məhəmməd Abdullayev (+90 kq) və Aynur Mikayılova (57 kq) mundialda mübarizəni erkən dayandırıb.
Dünya çempionatına sentyabrın 14-də baş tutacaq həlledici final görüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov


