11 boksçumuzdan yalnız 2-si DÇ-da mübarizəni davam etdirir
Sentyabrın 4-də İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında startı verilən dünya çempionatı davam edir. Qeyd edək ki, Azərbaycanin biri qadın olmaqla 11 boksçu ilə qatıldığı mundialda dünən 1/8 mərhələnin döyüşlərinə yekun vurulub və bununla da 1/4 finalçılar müəyyənləşib. 1/8 final döyüşünə çıxan 5 təmsilçimizdən yalnız ikisi - Səidcəmşid Cəfərov (75 kq) və dünya çempionumuz Alfonso Domunqes (90 kq) mərhələ keçənlər sırasında yer ala bilib. Hər iki boksçumuz bu gün 1/4 final döyüşünə çıxacaq. Bu cütlükdən fərqli olaraq, Nicat Hüseynov (55 kq), Murad Allahverdiyev (80 kq) və Sübhan Musayev (50 kq) triosu 1/8 finalda məqlubiyyətlə üzləşərək mundialla vidalaşmaq məcburiyyətində qalıb.
Bunlardan öncə isə Azərbaycan yığmasının üzvlərindən Sərxan Əliyev (70 kq), Zaur Qəhrəmanov (65 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Surət Qarayev (85 kq), Məhəmməd Abdullayev (+90 kq) və yeganə qadın təmsilçimiz Aynur Mikayılova (57 kq) müxtəlif mərhələlərdən uduzaraq çıxışını dayandırmışdı.
İNTİQAM Məmmədov


