Ağcabədi rayonunun Hindarx qəsəbəsində məktəbin açılışı oldu- ÖZƏL
Sentyabrın 15-də Hindarx qəsəbəsində “Bilik Günü”, eləcə də I Qarabağ müharibəsi şəhidi Qaraş Əliyev adına 3 nömrəli ümumorta məktəbin yeni tikilib istifadəyə verilən binasının açılışı münasibətilətədbir keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları, Ağcabədi Təhsil sektorunun rəhbərliyi, şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
İlk öncə qonaqlar şəhid Qaraş Əliyevin məktəbin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə çiçəklər düzüblər.
Məktəbin direktoru Kəmalə Zeynalova tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər - Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımov, “Capitel qrup” MMC-nin direktoru Rasim Hüseynov “15 sentyabr – Bilik Günü” və yeni məktəbin məhz bu gün istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagirdlərini, onların simasında Hindarx qəsəbə sakinlərini təbrik ediblər. Vurğulanıb ki, Azərbaycan dövləti təhsilin inkişafına, gənc nəslin hərtərəfli yetişməsinə daim xüsusi diqqət göstərir. Müasir standartların bütün tələblərinə cavab verən bu möhtəşəm tədris ocağının inşası də məhz Prezident İlham Əliyevin təşəbbüsüdür. Qeyd olunub ki, məktəb təkcə təhsil binası deyil, o gələcəyimizin, sabahımızın, müstəqil Azərbaycanımızın daha da parlaq yolla irəliləməsinin güclü təminatıdır.
Məktəbin adını daşıyan şəhidimizin qardaşı Elşad Əliyev də öz çıxışında ölkə və rayon rəhbərinə, ümumilikdə məktəbin ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz minnətdarlığını ifadə edib. Məktəblilər şeirlər səsləndiriblər.
Bundan sonra ilk zəng çalınıb. İcra başçısı Rafil Hüseynov məktəbin açılış rəmzi olan qırmızı lenti kəsib. Sinif otaqlarına baxış keçirən rayon rəhbəri və qonaqlar burada yaradılmış şəraitlə yaxından tanış olublar. 528 şagirdlik məktəbdə informatika otağı, müəllimlər otağı, kimya otağı, hərbi hazırlıq otağı, fizika kabineti, idman zalı, oğlanlar və qızlar üçün istənilən ləmazimat və avadanlıqlarla təchiz olunmuş ayrı-ayrı texnologiya kabinetləri, geniş yeməkxana və nəhayət tədbirlərin, görüşlərin keçirilməsi üçün nəzərdə tutulan 278 nəfərlik möhtəşəm akt zalı, geniş və zəngin kitab fonduna malik kitabxana məktəblilərin ixtiyarına verilib. Bir sözlə burada hər şey göz oxşayır, insanı fərəhləndirir, sevindirir.
Beləcə birincilər sinifə daxil olaraq ilk dərsə başlayırlar. Məktəblə, sinif otaqları ilə, bir-birləri ilə və müəllimləri ilə tanış olurlar. Həyata gözəl, fərqli baxış da elə buradan başlayır, əziz balalar. Bizim güclü və işıqlı gələcəyimiz sizlərsiniz. Vətən sizinlə güclüdür. Belə gözəl təhsil ocağında sizlərin bircə vəzifəniz, bircə borcunuz var – yalnız oxumaq, yalnız yüksək təhsil almaq!
Əziz şagirdlər, gözəl balalar, yeni dərs iliniz, yeni məktəbiniz mübarək olsun!


