Ağcabədidə Dövlət Suverenliyi Günü münasibətilə ümumrayon konfransı keçirildi- ÖZƏL (FOTO=40)
20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanın suverenliyi: tarixi irs və müasir inkişaf” mövzusunda ümumrayon konfransı keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və Ağcabədi şəhər Qəhrəmanlar Parkında “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Daha sonra Bayraq Muzeyinin həyətində və foyesində “Azərbaycanın dövlətçilik tarixi və suverenlik yolu” adlı sərgi ilə tanışlıq olub.
Sonra rədbir rəsmi hissə ilə davam etdirilib. Muzeyin konfrans zalında keçirilən tədbirdə videoçarx nümayiş olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun açılış nitqindən sonra Milli Məclisin deputatı Tahir Rzayev, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Azərbaycanın müstəqillik tarixi, hüquqi əsası və bu sahədə əldə olunan nailiyyətlər barədə çıxışlar ediblər. Konfrans çərçivəsində aparıcı hüquq və təhsil mütəxəssisləri – Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Hacıyev, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov, şəhər 11 nömrəli tam orta məktəbin tarix müəllimi Nuranə Quliyeva və Ağcabədi Pedaqoji Kollecinin direktoru Bəxtiyar Əliyev suverenliyin hüquqi əsasları və gənclərin vətənpərvərlik tərbiyəsi barədə məruzələr ediblər.
Tədbir paralel sessiyalarla davam etdirilib. Birinci panel “Suverenliyin qorunmasında vətəndaş məsuliyyəti” mövzusuna həsr olunub. Tədbirin moderatoru, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısnının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova açılış nitqi ilə çıxış edərək sonra sözü spikerlərlərə verib. Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova ,Ağcabədi rayon prokurorunun köməkçisi Rəşid Mansurov, “Aran yolu” qəzetinin baş redaktoru Məhsəti Ağayeva mövzu ətrafında çıxışlar ediblər.
“Gənclərin dövlət idarəçiliyində iştirakı”na həsr olunmuş ikinci panelin moderatoru isə Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov olub. Mövzu ətrafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən Pərviz Eyvazov, Nəcəfqulubəyli kənd tam orta məktəbinin direktoru Vüsalə Əliyeva , Hindarx bələdiyyəsinin sədri Xaliq Allahverdiyev və Vətən müharibəsi iştirakçısı, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Ruhin Hüseynov çıxış ediblər.
Yekunda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bir daha çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunmasında əziyyəti olanlara təşəkkür edib, mövzuya dair öz tövsiyələrini verib.
Tədbir başa çatdıqdan sonra birgə xatirə fotosu çəkilib.


