“Əbədiyaşar qəhrəmanlarımız” – Masallıda anım tədbiri
27 Sentyabr – Anım Günü münasibətilə Masallıda “Əbədiyaşar qəhrəmanlarımız” adlı tədbir keçirilib.
Masallı Dövlət Regional Kolleci və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı, Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan tədbirdə şəhid ailələri, qazilər, təhsil və mədəniyyət işçiləri, eləcə də gənclər iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda canından keçən şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi misilsiz qəhrəmanlıqdan danışaraq, şəhidlərin və qazilərin xalqın yaddaşında daim yaşayacağını vurğulayıb.
Daha sonra şəhid valideynləri – ata Şükran Yusifli, analar Ülkər Həsənova və Leyla Əliyeva duyğulu çıxışlarla övladlarının xatirəsini yad ediblər: “Qürurluyuq ki, övladlarımız Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu həm kədər, həm də böyük bir fəxr hissidir. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün unudulmaz örnək olacaq. Biz inanırıq ki, onların ruhu Vətənimizi daim ucaldacaq.”
Tədbirdə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin rayon filialının sədri Nahid Rəhimov, ehtiyatda olan mayor, Vətən müharibəsi iştirakçısı Bəhruz Mehtiyev çıxış edərək, 30 illik işğala son qoyan 44 günlük zəfər yürüşündən, şəhidlərin fədakarlığından və xalqın birliyindən bəhs ediblər.
Tədbirin sonunda Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub.
Şəhidlərin ruhuna ithaf olunan bu bədii çıxışlar iştirakçılara duyğulu anlar yaşadıb.
Akif AĞAYEV


